BAKI, 27 sentyabr — Sputnik. Vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.
Axşam saatlarında başlayan tədbir çərçivəsində xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunub.
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.
Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilib. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir.
Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb. Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər sakinləri, hərbçilər və rəsmilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarına baş çəkərək şəhidlərin xatirələrini yad ediblər.
Paytaxtda Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.