Dünyanın məşhur səyyahları Qarabağa gəliblər

Bu gün dünya səyahətçilərinin klub rəhbərləri ilk dəfə Qarabağa gəliblər. 30 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edib.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Bir il əvvəl ağır döyüşlərin getdiyi Füzuliyə məhz şəhidlərin Anım Günündə növbəti sərnişin təyyarəsinin enməsi tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi böyük quruculuq potensialını, digər tərəfdən dünyanın biznes və turizm elitasının Qarabağa getdikcə artan marağını ifadə edir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak edir. İlk dəfədir ki, dünya səyyahlarını birləşdirən 4 aparıcı beynəlxalq şəbəkənin rəhbərləri Qarabağdadırlar. Onlar ETIC-in (Extremal Travellers International Congress) sədri Kolja Spöri, MTP-nin (Most Traveller People) rəhbəri Çarlz Veley, TCC-nin (Travelers' Century Club) başçısı CoAnn Şvartz, “NomadMania” Klubunun sədri Harri Mitsidisdir.
Heyətin sırasında tanınmış belçikalı işadamı Patrik Maselis, dünyanın ən çox səfər etmiş səyyahlarından sayılan amerikalı Don Parriş, Portuqaliyanın Altantik Universitetinin təsisçisi Coao Paulo Peyksoto, “The Wall Street Journal”, BBC, “The Hill” yazarı amerikalı jurnalist Deyv Seminara, tanınmış turizm ekspertləri, marketoloqlar da var.
1 / 3
2 / 3
3 / 3
Qeyd edək ki, dünya miqyaslı beynəlxalq səyahətçilər artıq Füzulidən Ağdamın işğaldan azad edilmiş ərazilərinə doğru səfər edirlər, Ermənistanın törətdiyi daha bir urbisidi, vandalizm və vəhşiliyi öz gözləri ilə görəcəklər. Daha sonra isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəklər. Qarabağdakı dağıntılar və quruculuq işləri ilə yaxından tanış olduqdan sonra beynəlxalq səyahətçilər onları gətirən təyyarə ilə Bakıya geri dönəcək. Azərbaycana bir neçə günlük səfər çərçivəsində dünya səyyahları ölkənin digər bölgələrində də müxtəlif yerlərdə olacaqlar.
Xatırladaq ki, ETIC (Extremal Travellers International Congress) – Ekstremal Səyyahların Beynəlxalq Konqresi BMT üzvü olan ən azı 100 ölkəni sistematik və mümkün qədər çox gəzmiş, prioritet kimi məhz ekstremal yerlərə səfərlər etmiş beynəlxalq səyahətçiləri birləşdirir. ETIC üzvlərinin səsi tez-tez dünyanın ən təhlükəli yerlərindən gəlir. Son vaxtlar onların sırasında ən az ziyarət edilən, Kosta-Rika yaxınlığında tərk edilmiş Klipperton, Atlantik okeanda olduqca vəhşi təbiətə malik səhralıq olan Selvagens adaları da var.
Qonaqlar arasında yer alan MTP (Most Traveller People) – Ən Çox Səfər Edənlər Klubu yüksək reytinqli dünya səyyahlarını birləşdirir. Üzvləri, demək olar ki, dünyanın hər yerində olmuş şəxslərdir. “NomadMania” – Klubu isə dünyanı ərazi, əhali, müxtəliflik, iqtisadiyyat və turizm baxımından 1301 regiona bölüb. Təşkilatın yaradıcısı Harri Mitsidis bu regionların 1233-də olmaqla, dünya rekordçusudur. “NomadMania”nın məhşur üzvlərindən dünyanın bütün ölkələrini gəzmiş alman Saşa Qrabonu, ispan Xorge Sançesi, isveçli Karl-Qustav Sibini, amerikalı Frank Rayneri və başqalarını göstərmək olar. 4-cü qrupa gəlincə, TCC (Travelers' Century Club) – Yüzilliyin Səyyahlar Klubu dünyanın 100-dən çox ölkəsini gəzmiş səyyahları birləşdirir, onlara müxtəlif güzəştlər təklif edir.
Eləcə də oxuyun:
Qarabağın hava qapısı: Füzuli hava limanına ilk sınaq uçuşu 
Füzuliyə ilk uçuş həyata keçirən təyyarə kapitanından açıqlama