SƏHİYYƏ

"AstraZeneca" və "Sputnik Light" kombinasiyası üzrə tədqiqat haqda ilkin məlumat açıqlandı

Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda birgə tədqiqat çərçivəsində koronavirusa qarşı "AstraZeneca" və "Sputnik Light" peyvəndlərinin  kombinasiyası S-zülalına qarşı antitellərin yüksək artımını göstərib. Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) məlumat verib.
"Rusiya Birbaşa İnvestisiya Fondu... "AstraZeneca" və "R-Farm" şirkətləri Azərbaycan Respublikasında klinik tədqiqat çərçivəsində "AstraZeneca" şirkətinin peyvəndi ilə (Oksford Universiteti ilə birlikdə hazırlanıb) koronavirusa qarşı "Sputnik V" vaksinin ilk komponentinin birgə istifadəsinin virusneytrallaşdırıcı aktivliyi ilə bağlı ilkin məlumatları açıqlayıb", - deyə məlumatda bildirilib.
"Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub", - deyə fond əlavə edib.
Məlumatlar tədqiqatın kombinasiyanın hər iki komponentinin vurulduğu ilk 20 iştirakçısının müşahidələrinin nəticələrinə əsaslanır. Birinci komponent kimi "AstraZeneca" peyvəndi, ikincisi kimi isə "Sputnik Light" istifadə olunub. Dozalar arasındakı interval 29 gün təşkil edib.
Azərbaycanda tədqiqatlar 2021-ci ilin fevral ayında başlanıb. Bu günə qədər tədqiqatlarda 100 könüllü iştirak edir.
Azərbaycandan əlavə, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada da qlobal proqram çərçivəsində vaksinlərin kombinasiyasının klinik tədqiqatı həyata keçirilib. Belarusda tədqiqat aparmaq üçün tənzimləyicilərdən icazə alınıb.
İlk dəfə olaraq koronavirusa qarşı "Sputnik V" peyvəndi əsasında heterogen busterləşdirmə yanaşması (birinci komponent olaraq insanın 26-cı, ikinci komponent olaraq 5-ci serotip adenovirusunun istifadə olunduğu "peyvənd kokteyli") tətbiq edilib. RBİF "Sputnik V"nin ilk komponentinin xarici dərmanlarla kombinasiyasının birgə araşdırılması təşəbbüsü ilə dünyada ilk olub.
2020-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə RBİF, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi, "R-Pharm" şirkətlər qrupu və "AstraZeneca" şirkəti "AstraZeneca"vaksini və "Sputnik V" peyvəndinin birinci komponentinin immunogen kombinasiyası və təhlükəsizliyi ilə bağlı birgə klinik tədqiqatlar aparmaq üçün əməkdaşlıq memorandumu imzalayıblar.