ANAMA ötən həftə aşkarladığı minaların sayını və təmizlənmiş ərazilərin miqyasını açıqladı

Avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir. Dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri aparılır.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Sputnik Azərbaycan-a bildirilib ki, sentyabrın 20-dən 25-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 72 piyada əleyhinə, 6 tank əleyhinə mina və 121 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 185 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, sentyabrın 22-i Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad edilən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.
Avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir. Dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri aparılır.
Azad edilən ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikalar verilib.
Bu texnikalar yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib.
İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11900 hektardan çox ərazi minalardan təmizlənib.
Ümumilikdə 16000-dən çox mina və partlamamış döyüş sursatı utilizasiya edilib.
Hazırda azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.