İQTİSADİYYAT

"Əsrin müqaviləsi"ndən "ƏDV geri al" layihəsinə qədər - həftənin iqtisadi icmalı

Beynəlxalq Bankın İnvestisiya Holdinqinə verilməsi, "Çıraq" platformasında hasilatın müvəqqəti dayandırılması, "Əsrin müqaviləsi"nin 27-ci ildönümü Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Bu həftə Azərbaycanda maraqlı iqtisadi hadisələr yaşanıb. Beynəlxalq Bank və "Azər-Türk Bank"ın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi həftənin diqqətçəkən hadisələrindəndir. Dövlət başçısının imzaladığı sərəncama əsasən hazırda bank sektorunda fəaliyyət göstərən 30 bank arasından ancaq dövlət bankları olan 2 bank holdinqin idarəetməsinə verilib.
Sənədi şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, Beynəlxalq Bank aktivlərin həcminə görə hər zaman seçilən banklardan hesab olunur. Belə ki, bu ilin ilk yarısında aktivləri 8 milyard 856 milyon manat olan bankın öhdəlikləri 7 milyard 376 milyon manat, kapitalı isə 1 milyard 479 milyon manat olub. 2020-ci ili bank 8 milyard 962 milyon manat aktivlə başa vurmuşdu. Ötən ilin yekununda isə Beynəlxalq Bankın aktivləri əvvəlki ilə müqayisədə 2,8% azalıb. 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə başa vuran bankın xalis mənfəətində əvvəlki illə müqayisədə 57,2 % azalma qeydə alınıb. Bununla belə, Beynəlxalq Bank Azərbaycanda ümumi bank aktivlərinin 27 faizə yaxınını formalaşdırır. Mərkəzi Bankın hazırladığı "Bank İcmalı"na əsasən, bu ilin birinci yarısında bankların ümumi aktivləri 33 milyard 69 milyon manat olub. Həmin dövrdə 28 milyard 220 milyon manatlıq öhdəliklər, 4 milyard 519 milyon manatlıq isə kapital qeydə alınıb.
"Azər-Türk Bank"ın audit hesabatına əsasən, 2020-ci ildə bankın aktivləri 349 milyon manat, öhdəlikləri isə 297 milyon manat olub. Cari rəqəmlər və eləcə də ötən il üzrə müqayisəli göstəriciləri göstərir ki, hər iki bankın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi həmin bankların idaredilməsi baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir", - deyə o qeyd edib.
Deputat əlavə edib ki, sənədə əsasən, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə "Azər-Türk Bank" hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının 4 ay müddətində diaqnostikası aparılacaq və bankın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu isə ondan xəbər verir ki, "Azər-Türk Bank"ın fəaliyyətinin təkmilləşdirilməsinə növbəti mərhələdə xüsusi diqqətin ayrılması nəzərdə tutulur.
Azərbaycan Beynəlxalq Bankı və "Azər-Türk Bank"ın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi müştərilər üçün müsbətdir və hər hansı bir risk yaratmayacaq. Bunu bank və maliyyə sahəsi üzrə ekspert Firuz Manafov Sputnik Azərbaycan-a dövlət başçısının bununla bağlı fərmanını şərh edərkən deyib.
Onun sözlərinə görə, adı çəkilən banklar yenə də öz fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcəklər:
"Dəyişiklik sırf struktur ilə bağlıdır. İş prosesi və prinsipləri, dayanıqlılıq ən azı əvvəlki səviyyədə qalacaq. Azərbaycan İnvestisiya Holdinqi kifayət qədər dayanıqlı qurumdur və həmin bankların gələcək fəaliyyətinə töhfələr verəcək. Kredit faizləri vətəndaşların xeyrinə azaldıla bilər. Vətəndaşlar daha əlçatan kreditlər əldə edə bilərlər. Banklar eyni heyət ilə fəaliyyətinə davam edəcəklər".
Xatırladaq ki, Azərbaycan İnvestisiya Holdinqi Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılıb.
Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Biznes mühiti sorğusu - 2021
Bu həftə "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının təqdimatı mühüm hadisələrdən biri kimi yadda qalıb. Xarici şirkətlərin 57%-i Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətini ifadə ediblər.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, həmçinin ölkədə investisiya mühiti və həyata keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının təqdimatı keçirilib. Tədbirdə yerli və beynəlxalq işgüzar dairələrin 100-dən çox nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən nəşr olunan "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının ölkəmizdə pandemiyanın iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi və təhlil edilməsində, həmçinin, mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu vurğulayıb, bu cür hesabatların işgüzar dairələrin rəyinin öyrəniməsi, biznes çağırışlarının dəyərləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Nazir ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər, pandemiyanın Azərbaycanda biznes mühitinə təsiri və hökumətin dəstək mexanizmləri, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logitsika imkanları barədə məlumat verib. Milli Prioritetlərimizdən olan işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallaşdırılacaq "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarından danışan Mikayıl Cabbarov burada yeni biznes və investisiya imkanlarını qeyd edib, Ağdam Sənaye Parkının strateji əhəmiyyətini vurğulayıb və işğaldan azad edilmiş ərazilərdə yeni sənaye zonasının yaradılacağını bildirib.
"AHK Azərbaycan"ın İdarə Heyətinin sədri Fərid İsayev dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib, dialoq mühitinin inkişafında dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Fərid İsayev "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının hazırlanması zamanı ölkəmizdə təmsil olunan xarici şirkətlər arasında ətraflı sorğular aparıldığını, onların işgüzar mühit, habelə işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və bərpa işlərində iştirakı barədə fikirlərinin öyrənildiyini diqqətə çatdırıb. Bildirilib ki, AHK Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastruktur layhələrinin sürətli icrasını diqqətlə izləyir. Qeyd edilib ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, habelə Zəngəzur dəhlizinin yaradılması istiqamətində aparılan aktiv işlər biznes üçün yeni imkanlar yaradır. İcraçı direktor vurğulayıb ki, AHK-ya üzv şirkətlər işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq layihələrinə böyük maraq göstərir.
"AHK Azərbaycan"ın icraçı direktorunun müavini Nigar Bayramlı "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatı ilə bağlı təqdimatla çıxış edib. Hesabat 2021-ci ilin may-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri arasında keçirilən Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır. Hesabatın hazırlanması üçün Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni təmsil edən 270 xarici şirkətə sorğu göndərilib, dəyərləndirmə üçün 130 etibarlı və tamamlanmış cavab seçilib. Sorğuda iştirak edən xarici şirkətlərin 88%-i mikro müəssisələr və KOB-lardır. Şirkətlərin 67% -i 10 ildən çoxdur ki, Azərbaycanda öz layihələrini həyata keçirir.
Respondentlərin 68%-i Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini stabil qiymətləndirib. Əvvəlki hesabatda bu göstərici 39% təşkil edirdi. Xarici şirkətlərin 57%-i Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətini ifadə ediblər. Sorğuda iştirak edən xarici şirkətlərin 43%-i fəaliyyət sahələri üzrə işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22%-i bu layihələrdə iştirakının mümkünlüyünü, 17%-i isə yüksək maraq göstərdiklərini bildiriblər. Respondentlərin 60%-i Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir.
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq
Bu həftənin mühüm iqtisadi hadisələrindən biri Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlığın inkişaf istiqamətlərinin müzakirə edilməsidir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə görüşüb.
Görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq etdiyi vurğulanıb. AYİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 178 layihə üzrə 3,2 mlrd. avro investisiya yatırılıb. Bankla birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone Bankın Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını vurğulayıb, ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini qeyd edib.
Görüşdə Gəncədə uğurla icra edilən "Yaşıl Şəhər Proqramı"nın Azərbaycanın digər şəhərlərində tətbiqi imkanları, yeni investisiya layihələri müzakirə olunub.
Tərəflər həmçinin, AYİB-lə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq, dövlət-özəl tərəfdaşlığı, "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji üzrə əlaqələrin inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
"Çıraq" platformasında hasilat dayandırılacaq
Bu həftə BP "Çıraq" platformasından hasilatın profilaktik işlər səbəbindən təqribən 25 gün müddətinə dayandırılacağı ilə bağlı məlumat yayıb. Məlumata əsasən, BP "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq "Çıraq" platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirəcək. Plana əsasən Çıraq platformasından hasilat 2021-ci il sentyabr ayının 23-dən başlayaraq təqribən 25 gün müddətinə dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.
Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək. Proqramın iş həcminin əsas hissəsini "Çıraq" qazlift layihəsinin yalnız platformanın dayandığı vaxt icra oluna bilən işləri təşkil edəcək. Bu layihə "Çıraq"ın istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2020-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2021-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması, həmçinin bu ilin hasilat planına da daxil olunub.
AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Bakı-Tbilisi-Ceyhan, Qərb Marşrutu İxrac Boru Kəməri və Cənub Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.
Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.
"Əsrin müqaviləsi"nin imzalanmasından 27 il ötür
Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasından 27 il keçir. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açıb. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.
Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiyalar cəlb edildi. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. İndiyədək isə "Azəri-Çıraq-Günəşli" layihəsi (AÇG) hesabına 152,8 milyard dollar gəlir əldə olunub.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır. İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi 12 dekabr 1994-cu il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cu il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və "Əsrin müqaviləsi" kimi tanınır.
SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan dünyanın 30 ölkəsinə neft və neft məhsulları, Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana isə təbii qaz ixrac edilir.
ƏDV-nin geri qaytarılması layihəsi uğurla davam edir
Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən uğurla tətbiq edilir. Bu həftə Dövlət Vergi Xidməti "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara nə qədər vəsait qaytarıldığı barədə məlumat yayıb.
Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda (www.edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296 milyon 851 min 431 çek üzrə 119 milyon 660 min 913,4 manat həcmində ƏDV məbləği geri qaytarılıb.
2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir ki, bu da "ƏDV geri al" layihəsinə olan kütləvi marağın göstəricisidir.
Qeyd olunub ki, istehlakçıların sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çekləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və çekin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Bununla belə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər.
Araşdırmalar göstərir ki, 2 min manatdan aşağı olan çeklər üzrə imtina hallarına səbəblər əsasən, satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 90 gün keçdikdən sonra sistemə daxil edilməsidir. Həmçinin təcrübədə dəyəri 2 min manatdan yuxarı olan çeklər üzrə də müraciətlərin öz təsdiqini tapmaması hallarına rast gəlmək mümkündür. Buna səbəb məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi, malın adının "Sərbəst satış", "Satış", "Məhsulun adı" və sair bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmamasıdır.
Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal ID-sinin "www.edvgerial.az" portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığı hallarda da müraciət sistem tərəfindən qəbul edilmir.
"Kapital Bank"ın "BirBank" və ya Azərbaycan Beynəlxalq Bankının "Iba mobile" tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiqlər vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsini daha rahatlıqla geri ala bilərlər.
Həmçinin oxuyun:
Azərbaycan neftinin qiyməti rekordu təzələdi
Ekspert: “Avtomobil bazarındakı qiymət artımı benzinin bahalaşması ilə əlaqədar deyil”