Onunla danışmaq üçün tərcüməçiyə gərək yoxdur. Beş dil bilir, azərbaycancanı isə bizdən də gözəl, üstəlik, ləhcə ilə.
“Necə olur bu - Mariya, özü də bizim dildə səlis danışır?” sualıyla anam məni qabaqlayır.
Qazi qardaşım Xalidin boynunu qucaqlayıb qımışır Mariya bibimiz: “Azərbaycanlıyam mən, bacı, Zərdabın Körpü kəndindənəm. Əlli bir ildir tərk eləmişəm Azərbaycanı, amma dilimi də tərk eləməmişəm. Adımı da atam qoyub. İkinci Dünya Müharibəsindən qayıdandan sonra, amma niyəsini bilmirəm”.
Bu arada xatırlayırıq ki, babam da anama Madalena deyirmiş, bir partizan qızın şərəfinə. Mariya bibinin soyadı isə Kalaşnikdir, vaxtilə ailə qurub Ukraynaya köçüb, hazırda iki oğlu da orada yaşayır. Bir təxəllüsü də var, doğulduğu Zərdab rayonunun şərəfinə - Zərdabi. On dörd ildir İtaliyada olsa da, deyir ki, orada yaşamır, işləyir. Peskara gözəl şəhərdir, “çəkmə”nin ortasında, dəniz sahilindədir, ancaq Vətəndən gözəlini tanımır, ruhən həmişə Azərbaycandadır.
Qayıdırıq fikrən ilişib qaldığımız ötən ilin bu günlərinə.
- Müharibə haqda xəbəri necə aldığınızı xatırlayırsız?
- Azərbaycan sərhədində vəziyyət gərginləşəndən “köçdüm” internetə, sosial şəbəkəyə. Dəhşət idi, inanmırdım. Bacılarım dedilər ki, müharibə gedir. Dedim, ola bilməz, təlimdir, yəqin. Öyrəndim ki, qardaşımın oğlunu da apardılar, nəslimdən on nəfərdən çox İkinci Qarabağ müharibəsində döyüşdü. Demək olar ki, elə mən də onlarla, onların əsgər dostlarıyla birlikdə döyüşdüm, Şuşaya da birlikdə qalxdıq – qazi balalarımın içində beş Şuşa fatehi, xüsusi təyinatlılar var, onlara həmişə deyirəm ki, bala, məni görürdünüz oralarda, ruhumu görürdünüz? Onlar da deyirlər, hə, bibican, həmişə hiss edirdik sənin xeyir-duanı. Elə bil ki, o uşaqların varlığında ərimişəm.
- Olduğunuz şəhərdə azərbaycanlılar çoxdur? Müharibə vaxtı, yəqin, xəbərləri onlarla da bölüşürdünüz.
- Təəssüf ki, yoxdur. Cənubi Azərbaycandan bir qız var, Mehri, onunla dostluq edirdik, bir də Dağıstandan Fatimə adlı qız vardı. Fatimə getdi Parisə, Mehri də İsveçə. Qaldım tək. Əvvəl üçümüz yığışırdıq, Azərbaycan musiqisini qoşub, üç yekə arvad başlayırdıq oynamağa, Azərbaycan xörəkləri bişirirdik, mənim kələm dolmamı çox bəyənirlər. Bir də çörəyimi. Türklər, Cənubi Azərbaycandan olanlar çoxdur. Müharibəni isə Azərbaycandakı dostlarımla, sosial şəbəkədə “yaşadım”.
Ancaq qonşum olan, birlikdə işlədiyim, təmas qurduğum italyanlara da Azərbaycanın haqq savaşından məlumat verirdim. İndi mənim ətrafımda olan italyanlar Azərbaycanın öz torpaqları uğrunda mübarizə apardığını, Qarabağda kimin haqlı olduğunu, təcavüzkarın Ermənistan olduğunu çox gözəl bilirlər.
Mariya Kalaşnik-Zərdabi (sağda) Vətən Müharibəsi qazisi Gülməmmədov Xalid və anası Gülməmmədova Asya ilə.
© Sputnik / Stringer
- İtalyan qonşularla münasibətləriniz çox yaxşıdır o zaman. Deyirlər, italyanlarla azərbaycanlıların xasiyyəti bir-birinə oxşayır.
- Ümumiyyətlə, mən oraya düşəndə dedilər ki, bacar, sus, elə bilirlər ki, sən də italyansan. Yəni ancaq danışığımdan gəlmə olduğum bilinərdi. Oxşar xasiyyətlərimiz çoxdur. Peskarada nüfuzum belədir ki, italyanlar deyirlər: əgər filan işi Mariya bacarmadısa, heç onun qulpundan yapışmağa dəyməz. Mən ixtisasca ali savadlı mühəndisəm, hazırda orada yaşlı insanlara baxıram. Bu işi bacarmaq üçün isə gərək psixoloq olasan. Xalid, bibi necə psixoloqdur?
- Bibi asdır bu barədə, - qardaşım söhbətə qoşulur, - hətta elə hallar olub ki, kimsə özünə qəsd eləmək istəyib, Mariya bibi onlarla danışıb, fikirlərindən daşındırıb.
- Dünyada məhəbbətlə qalib gəlinməyən heç bir situasiya yoxdur. Qəzəblə, davayla, hirslə, zorla, mənfi yüklü emosiya ilə heç bir işi düzəltmək mümkün deyil. Məhəbbət yeganə duyğudur ki, nə qədər çox versən, o qədər varlanırsan.
- Qardaşım deyir, şeir də yazırsınız.
- Olur arada. Ən çox Vətən həsrəti ilə, Azərbaycanla, qazi balalarımla bağlı yazıram.
- Əcnəbi dildə də yazırsınız?
- Yox, alınmır. Ürəyimdə duyğularım Azərbaycan dilində səslənir. Bir-iki dəfə ruscaya tərcümə etmişəm, görmüşəm ki, o hissləri çatdırmır. Ancaq sosial şəbəkədə üç dildə - Azərbaycan, italyan, Ukrayna dillərində paylaşımlar edirəm.
- Sosial şəbəkədə azərbaycanlı dostlarınız çoxdur, yoxsa italyan?
- Mənəvi cəhətdən Azərbaycana köçəndə cəmi 285 dostum vardı. İndi mindən çoxdur. Müharibə başlayandan hər gün yüzlərlə dostluq təklifi alıram, çoxu da Zərdabdandır.
Sosial şəbəkədə də Azərbaycandan olan ziyalıların, deyə bilərəm ki, “qaymaqlar”ın bir qrupu var, oraya daxil ediblər məni. Daim Vətənlə bağlı, qazilərimizin durumu ilə bağlı müzakirələr edirik orada. Orada biri dedi ki, deyəsən, elə də varlı deyilsiniz. Dedim, bir həsirəm, bir Məmmədnəsir. Bircə ürəyimdə sevgim boldur, bacardıqca da İtaliyada otura-otura qazi balalarımın problemlərini həll etməyə, mənəvi dəstək olmağa çalışıram.
- Neçə qazinin bibisisiniz?
- Hazırda on üçdürlər, beşi xüsusi təyinatlıdır. Bu səhər Nahid balam yazıb İmişlidən, o mənə “nənə” deyir: “Au... haradasan? Gəlib səni qaçırdacam!” İlizarov aparatı var ayağında, hələ sağalmayıb. Deyirəm, ay bala, niyə qaçırdırsan, gəlirsən, ailəni də götür, gəl.
- Hamısıyla görüşəcəksiniz? Xəbərləri var gəldiyinizdən?
- Planımda var. Birinci də Xalidimin yanına gəldim. O, növbəsizdir, bir ayrı yeri var mənimçün. Çalışıram, şəfqəti hamıyla bölüşüm. Bir qazi balamın anası rəhmətə gedib. Təsəllini məndə tapır. Günlərlə qəbir üstə yatdı. Oğlum Teymur zəng etdi, gördü, gözüyaşlıyam. Dedi, nə olub? Dedim, Malik üçüncü gecədir, anasının qəbrindən ayrılmır. Bəs mən də onunla danışmasam, dərdini bölüşməsəm, sonu necə olar? O, 34 yaşında anasız qala bilmədiyi kimi, iki övladı da Maliksiz qala bilməz axı. Malikə dedim ki, üç minədək cavan balası şəhid olanlar var, bəs onlar övladsız necə yaşayırlar? Şükür, birtəhər ovuda bildim. Oğlum Teymur da dedi ki, internetini kəsəcəm, anlayıram ki, lazımlı iş görürsən, ancaq həddən artıq gərginlik keçirir, əzab çəkirsən. Dedim, bala, onda məni qəbrə qoy, sonra nəyi kəsirsən-kəs. Mən qazi balalarımsız yaşaya bilmərəm.
Mariya Kalaşnik-Zərdabi
© Sputnik / Stringer
- Övladlarınız sizi qısqanırlar qazilərimizə?
- Bu, şirin qısqanclıqdır, bir növ mənim əzab çəkməyimi istəmirlər. İki oğlum var, biri hərbçidir. O biri sarkoma olub, iki dəfə də ağır residiv keçirib. Ancaq Allaha şükür, indi hər şey yaxşıdır. Hərbçi oğlum haqda Zərdabda kitab da yazıblar.
- Qarabağa, Şuşaya getməyi planlaşdırmısınız bu səfər?
- Şuşaya Qələbə qurbanım var, İsa bulağında. Necə gedim? İyirmi altı gün qala biləcəm Vətəndə, ancaq Napoleon proqramım var. Qazi balalarım da, anam da, qohum-əqraba da gəlişimi gözləyirlər, ailədə on bir uşağıq, yeddisi Azərbaycandadır.
- Əvvəllər olmusunuz Qarabağda?
- Bütün dünyanı gəzmişəm, amma Azərbaycanın dörddə birində olmamışam. İndi mənim əhdim var: Xalid balam sükan arxasında otursun, məni bütün Qarabağda, Azərbaycanın görmədiyim yerlərində gəzdirsin. Onun gözləri açılanda heç məzuniyyətimin olub-olmamağına da fikir verməyəcəm, qohumlara da demişəm, inciməyin, Azərbaycana məhz Xalidlə Qarabağa getmək üçün gələcəm. Hələ yaramız təzədir, hərdən Şuşada bayram edəndə bir qısqanclıq hissi oyanır məndə: mənim balalarımın qanı qurumayıb hələ, necə o torpaqlarda oynaya bilirlər?
Hamımız kövrəlirik. Çalışıram, söhbəti dəyişim.
- Xaricdə yaşayan azərbaycanlıların çoxunun evində hər gün Vətənlərini xatırladacaq bir əşya olur. Sizin üçün bu nədir? İtaliyaya qayıdanda nə aparacaqsınız özünüzlə?
- Mənim bayrağım var. İlk növbədə ürəyimdə, bir də evimdədir. Ona baxıb, güc-dəstək alıram. İtaliyaya qayıdanda isə çay aparacam, Lənkəran çayı, bir də kəklikotu. İki il yeddi aydır gələ bilmirdim Vətənə. Qınayan olmasa, diz çöküb öpərdim torpağı aeroportda.
Vətənimdə nə ev tikdim, nə dam mən, Yad ellərdə, yad diyarda yadam mən, Ölməyəydim, təki ömrüm çataydı, Can Şuşamın havasından udam mən...
Bu dəmdə Mariya bibinin telefonuna zəng gəlir. Bayaqdan telefon və sim-kartı ilə bağlı “əməliyyat” gedir. Ancaq qoşula bilib internetə. Səsi yüksəyə alır: “Ay bibi, sənə qurban, bibi, ay arvad, qayıt get İtaliyaya! Gəlmisən Azərbaycana, səni tapa bilmirəm!” Gülüşürük. Qardaşımın ortancılı Röyal yalvarır: “Mariya nənə, nə olar, qal bizdə!” “Ay bala, bəs qohumlarım inciyərlər axı...”
Mariya bibi hazırlaşıb yola düşür. Bizdən anasına, ailəsinə, qazi qardaşlarımıza salam aparır. Yolun açıq, ömrün uzun olsun, qəlbi Kainat olan qadın!
Eləcə də oxuyun:
Azərbaycanlı kəşfiyyatçı: Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər
Bir "dəmir yumruq" olub düşmənin başına zərbə endirməyə gedənlər xatirələrini bölüşdülər
Sputnik Azərbaycan-ın qazi redaktoru: döyüşdə olduğum ilk gün mühasirəyə düşdük
Xalq artistindən qazilərimizə jest: Prezidentin fərdi təqaüdünün ilk ayını onlara verib
Şuşalı yuxulardan oyanmaq istəməyənlər: Kimi şəhəri viran görüb məhv oldu, kimi də...