İQTİSADİYYAT

Professor: “Uçot dərəcəsinin yüksəldilməsi artıma gətirib çıxarmayacaq”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib ki, Mərkəzi Bank tənzimləyici orqan olduğu üçün qəbul etdiyi qərarlar səmərəliliyin artırılmasına yönəlib.
Sputnik
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərinin yüksəldilməsi haqqında qərar qəbul edib. Uçot dərəcəsi 6,25 faizdən 6,5 faizə, dəhlizin aşağı həddi 5,75 faizdən 6 faizə, yuxarı həddi isə 6,75 faizdən 7 faizə yüksəldilib.
Uçot dərəcəsinin yüksəldilməsinin iqtisadi təsirləri barədə Sputnik Azərbaycan-a danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib ki, bu dəyişiklikdən sonra digər bank və kredit təşkilatları tərəfindən kredit, faiz dərəcələrinin artırılması real deyil: “Çünki bu gün bankların kifayət qədər geniş müştəri bazası mövcuddur. Bankların ehtiyyatda kifayət qədər vəsaiti yığılıb. Buna görə də güman edirik ki, bu əlavə dəyişikliyə və artıma gətirib çıxarmayacaq. Mərkəzi Bank tənzimləyici orqan olduğu üçün qəbul etdiyi qərarlar səmərəliliyin artırılmasına yönəlib. Bu baxımdan kommersiya banklarının müştərilərlə münasibətlərində dəyişikliyin olacağını güman etmirik”.
Elnur Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz