BAKI, 26 sentyabr - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında çox etibarlı iş əlaqəsi var.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, "Rossiya1" telekanalının efirində "Moskva. Kreml. Putin" verilişində deyib.
Peskov bildirib ki, bu güvən iki lider arasında ciddi danışıqlar üçün əlverişlidir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya birgünlük işgüzar səfərə gedəcək.
Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edir.
Dmitri Peskov daha əvvəl bu səfərlə bağlı deyib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə edəcəklər.
"Doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır. Gündəlik – çox genişdir, ikitərəfli münasibətlərdən başlayır", - deyə Peskov qeyd edib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin martın 6-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Təxminən 6 saat davam edən görüşün sonunda tərəflər 2018-ci il Soçi Razılaşmasına 3 maddəlik əlavə protokol mətnini ictimaiyyətə açıqlayıb və gözlənilən atəşkəsi də elan ediblər.
Hərbi əməliyyatların getdiyi vaxt rəsmi Ankara tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Ərdoğan AKP-li millət vəkilləri ilə görüşündə deyib ki, Əsədə bağlı qüvvələr Soçi anlaşmasından sonrakı il yarım ərzində ələ keçirdiyi əraziləri tərk etməsə, Türkiyə bu işi özü yerinə yetirəcək. Bu, birbaşa ultimatum hesab olunurdu.
Həmçinin oxuyun:
* Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm - Türkiyə prezidenti