BAKI, 24 sentyabr — Sputnik. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İraqın ölkəmizdə səfərdə olan neft naziri İhsan Əbdül Cabbar İsmailin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
SOCAR-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, SOCAR-ın prezidenti qonaqlara Azərbaycanın qədim tarixə, zəngin ənənələrə malik neft sənayesinin inkişafı barədə məlumat verib, müstəqillik dövründə əldə edilmiş uğurlardan, həyata keçirilmiş möhtəşəm layihələrdən, yaradılmış texnoloji və iqtisadi potensialdan bəhs edib.
Rövnəq Abdullayev qonaqların diqqətinə çatdırıb ki, hasilatın pay bölgüsü sazişləri üzrə görülmüş işlərin 95 %-i ölkə daxilində yerli mütəxəssislər tərəfindən icra edilir.
O, "Əsrin müqaviləsi"nin imzalanmasından ötən müddətdə kadr hazırlığına xüsusi diqqət yetirildiyini vurğulayıb.
Qonaqlar SOCAR-ın tərkibində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin, müxtəlif peşə təhsili məktəblərinin fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.
İraqın neft-qaz sənayesində mövcud vəziyyət haqqında danışan nazir İhsan Əbdül Cabbar İsmail hazırda qarşılarında duran əsas vəzifələrdən bəhs edib, böyük təcrübəyə malik və özünü artıq dünya neft-qaz sənayesində ciddi bir şirkət kimi təsdiq etmiş SOCAR-la əməkdaşlıq etməkdə maraqlı olduqlarını nəzərə çatdırıb.
SOCAR-ın prezidenti əməkdaşlıq üçün geniş imkanlarının mövcud olduğunu, şirkətin istehsalat sahələri və həyata keçirdiyi layihələrlə tanışlıq üçün qonaqlara şərait yaradılacağını bildirib.