CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir "dəmir yumruq" olub düşmənin başına zərbə endirməyə gedənlər xatirələrini bölüşdülər

Təəssüf ki, 44 gün davam edən döyüşlərdə yüzlərlə döyüşçü cəbhə xəttindən geri dönməyib. Ölkənin gələcəyi uğrunda onlarla dinc sakin həyatını qurban verib. Azərbaycan vətəndaşları onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaqlar.
Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız ölkənin qeyrətli oğul və qızlarının qəhrəmanlığı və cəsarəti sayəsində Azərbaycana qaytarılıb. Təəssüf ki, 44 gün davam edən döyüşlərdə yüzlərlə döyüşçü cəbhə xəttindən geri dönməyib. Ölkənin gələcəyi uğrunda onlarla dinc sakin həyatını qurban verib. Azərbaycan vətəndaşları onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaqlar.
Bu gün Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin anları, müharibə günlərini necə xatırladıqları barədə söhbət açıblar.
Polad Həşimov şəhid olan gün qərarlarını verdilər: Döyüşə gedirik! 
Sputnik Azərbaycan-ın redaktoru, müharibə iştirakçısı Vüsal Azayev qardaşı Eldost Azayevlə birlikdə general-mayor Polad Həşimov şəhid olanda hər kəs kimi orduya yazılıblar. Vüsal Azayev o günləri belə xatırlayır: "Mən cəbhə bölgəsinə yaxın olduğuma görə bizə xəbərlər gəlirdi ki, müharibə başlayır. 27-si səhər rayondan 500-ə yaxın təcili yardım maşını keçdi. Artıq başa düşdük ki, bu, irimiqyaslıdır. 28-i bizə mesaj gəldi, 29-u səhər biz yol düşdük. Hər ikimiz ehtiyatda olan zabit idik".
Müharibə iştirakçısı bildirir ki, müharibəyə yola düşəndə insan izdihamını görəndə heyrətlənib. Həm də qürurlanıb ki, tək deyillər, onların arxasında böyük bir xalq dayanıb: "Ağcəbədidən gedəndə ikinci şoku yaşadım. Hər kəs çalışırdı ki, əlindən gələni etsin. Hər kəs çalışırdı ki, cəbhəyə nəsə yollasın".
Növbəti şok isə xoş olmayıb. Hərbçi yoldaşları ilə birlikdə Cəbrayılda mühasirəyə salınan Azayev orada minomyot yağışına düşüblər. Həmin gün cəbhə yoldaşlarının böyük bir qismi şəhid olub: "Mən bölük komandirinin müavini idim. Pərən-pərən düşdük, xeyli şəhid verdik. Mən gördüm ki, mənim bölük komandirlərim hamısı mənim yanımdadır. Halbuki onlar arxada olmalı idilər. Bunun özü adama stimul verirdi. On üç əsgər, iki zabit, tabor komandiri və tabor komandirinin müavini şəhid oldular. Qərargah rəisimiz də yaralandı".
Vətən müharibəsi iştirakçısı Vüsal Azayev
Həmkarımız müharibənin bitdiyi günü belə xatırlayır: "Noyabrın 10-da gecə saat 2-də bizə məlumat verildi ki, atəşkəs elan olunub. Təxminən 2 saat keçdi, ermənilər atəşkəsi yenidən pozmuşdular. Artıq səhər saat 6 radələrində Müdafiə Nazirliyinin məlumatı gəldi ki, bütün şəxsi heyətə çatdırılsın ki, qarşıda artıq sülhməramlılar da var. Həmişə zarafatla deyirdilər: "Lazım" nə vaxt gələcək?" "Lazım" gəldi də, tarixi, hərbi şərait yarandı, düşmən təxribata əl atdı və biz də ondan istifadə etdik. Və tarixi qələbəmizi qazandıq".
"Yaşca məndən kiçiklər şəhid və qazi olanda, özümü lənətləyirdim"
Tanınmış müğənni Vüqar Muradov könüllü yazılmazdan öncə öz rayonunun hərbi komissarlığından bildiriş gözləsə də, o sənəd heç cür gəlməyib. Ona görə də İkinci Qarabağ müharibəsi başlayandan bir neçə gün sonra müğənni özü hərbi komissarlığa gedib. Uzun mübahisələrdən sonra cəbhəyə yollanıb. Muradov etiraf edir ki, hərbi hissədəki əsgərlər onu görəndə xeyli təəccübləniblər.
Onlar hesab ediblər ki, Muradov onlara mahnı oxuyub əhval-ruhiyyələrini yüksəltməyə gəlib: "Mən partizan idim. Müharibəyə qeyri-qanuni getdim. Mənim yaşım da düşmürdü. Deyirdilər, əşi, o müğənni gedib orada nə edəcək? Amma dedim ki, nə olur-olsun, mən gedəcəyəm. Tanışlarım var idi, onlar məndən balaca idilər, ailəli idilər. Onlar şəhid və ya qazı olanda mən özümü lənətləyirdim ki, onlar məndən yaşca kiçikdirlər və ailələri var. Arxalarında övladlarını qoyub gedirlər. Amma mən getmirəm".
Vətən müharibəsi iştirakçısı müğənni Vüqar Muradov
Mügənni deyir ki, müğənni olsa da texnikadan anlayışı var. Atası mühəndis olduğuna görə ondan texnikanın sirlərini öyrənib. Muradov müharibənin ən qızğın vaxtlarında ön cəbhəyə silah-sürsat, yemək daşıyıb. "Hadrutda xüsusi təyinatlı qüvvələrin hərbçiləri ilə tanış oldum. Xahiş etdim ki, mən sizin yanınızda olmaq istəyirəm. Mənə pikap maşını verdilər. Mən Cəbrayıl, Qubadlı, Füzuli, Xocavəndin bütün kəndləri və Şuşaya qədər olan ərazilərdə oldum. Bəzən şayiələr gəzirdi ki, Azərbaycan əsgəri acdır. Amma tam yalandır.
Azərbaycan əsgəri müharibədə hər şeylə təmin olunmuşdu. Təkcə dövlət yox, xalqımız da həmin vaxt bir olub, əsgərə pay göndərirdi. 7-dən 77-dək hər kəs ordu üçün çalışırdı. Mən xarici ölkələrdə də ölkəmizi təmsil etmişəm. Həmişə başqa ölkələr, xüsusən də Fransa bizə rişxəndlə baxırdı. Artıq bütün ölkələrin yanında başımız dikdir".
Kimi erməni hərbçilərlə döyüşürdü, kimi də saxta profillərlə 
Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynalov bildirir ki, bu müharibədə hər kəs birləşdi. Bütün sahələrin adamları, o cümlədən bütün siyasi partiyalar ölkə rəhbərinin ətrafında birləşdilər. Ermənilər anladılar ki, artıq Azərbaycanda siyasi mühiti də ələ almaq imkanları olmayacaq:
"Bütün bunlar dünya siyasi müstəvisinə mesaj xarakteri daşıyırdı. Biz də müharibə zamanı ön cəbhədə olan mövcud problemləri aradan qaldırmaq üçün töhfələr verməyə çalışırdıq. Təbii ki, dövlətimiz ön cəbhədə olan döyüşçülərimizi hərtərəfli təmin edirdi. Amma biz də qeyri-hökumət təşkilatı olaraq dəstək olmağa çalışırdıq".
Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynalov
Zeynalov vurğuladı ki, həmin vaxtlar sosial şəbəkələrdə yaranan müəyyən problemlərə rəğmən, insanlarımız müxtəlif yollarla həm də informasiya cəbhəsində vuruşurdular. Saxta erməni profilləri ilə mübarizə aparırdılar: "Müharibə zamanı Ali Baş Komandanın xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Ümid edirəm ki, yaxın zamanlarda biz digər işğal altında olan torpaqlarımızı da azad edəcəyik".
İş yeri səngər oldu
CBC telekanalının aparıcısı Elmira Musazadə müharibə zamanı ön cəbhədə öz vəzifəsini yerinə yetirib. Aparıcı bundan əvvəl də hərbi verilişin aparıcısı olub. İlk dəfə 2017-ci ildə balaca Zəhranın və nənəsinin ölümündən sonra müharibənin başlanğıcını hiss edib:
"Tərtər şəhərinə hücum edildiyini öyrənən kimi dərhal yola düşdüm. Dörd ildir, hərbi verilişin aparıcısı idim. Buna görə də ərazi ilə tanış idim. Həmin 44 gün ərzində erməni tərəfinin Tərtər, Ağdam, Goranboy rayonlarında dinc əhaliyə necə hücum etdiyini gördük. Tərtər müharibə zamanı 16 mindən çox mərminin atıldığı qəhrəman şəhərdir. Ermənilər yaşayış binalarını, insanları və hökumət binalarını hədəf aldılar. Bu şəhərdə heç bir hərbi qurğu yox idi".