BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Beynəlxalq Bankı və "Azər-Türk Bank"ın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi müştərilər üçün müsbətdir və hər hansı bir risk yaratmayacaq. Bunu bank və maliyyə sahəsi üzrə ekspert Firuz Manafov Sputnik Azərbaycan-a dövlət başçısının bununla bağlı fərmanını şərh edərkən deyib.
Onun sözlərinə görə, adı çəkilən banklar yenə də öz fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcəklər:
"Dəyişiklik sırf struktur ilə bağlıdır. İş prosesi və prinsipləri, dayanıqlılıq ən azı əvvəlki səviyyədə qalacaq. Azərbaycan İnvestisiya Holdinqi kifayət qədər dayanıqlı qurumdur və həmin bankların gələcək fəaliyyətinə töhfələr verəcək. Kredit faizləri vətəndaşların xeyrinə azaldıla bilər. Vətəndaşlar daha əlçatan kreditlər əldə edə bilərlər. Banklar eyni heyət ilə fəaliyyətinə davam edəcəklər".
Millət vəkili Vüqar Bayramov da bildirib ki, dövlət başçısının imzaladığı sərəncama əsasən hazırda bank sektorunda fəaliyyət göstərən 30 bank arasından ancaq dövlət bankları olan 2 bank holdinqin idarəetməsinə verilib. O bildirib ki, holdinqin idarəedilməsinə verilən Beynəlxalq Bank aktivlərin həcminə görə hər zaman seçilən banklardan hesab olunur. Belə ki, bu ilin ilk yarısında aktivləri 8 milyard 856 milyon manat olan bankın öhdəlikləri 7 milyard 376 milyon manat, kapitalı isə 1 milyard 479 milyon manat olub. 2020-ci ili bank 8 milyard 962 milyon manat aktivlə başa vurmuşdu. Ötən ilin yekununda isə Beynəlxalq Bankın aktivləri əvvəlki ilə müqayisədə 2,8% azalıb. 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə başa vuran bankın xalis mənfəətində əvvəlki illə müqayisədə 57,2 % azalma qeydə alınıb.
Onun sözlərinə görə, bununla belə, Beynəlxalq Bank Azərbaycanda ümumi bank aktivlərinin 27 faizə yaxınını formalaşdırır. Mərkəzi Bankın hazırladığı "Bank İcmalı"na əsasən, bu ilin birinci yarısında bankların ümumi aktivləri 33 milyard 69 milyon manat olub. Həmin dövrdə 28 milyard 220 milyon manatlıq öhdəliklər, 4 milyard 519 milyon manatlıq isə kapital qeydə alınıb:
"Azər-Türk Bank-ın audit hesabatına əsasən, 2020-ci ildə bankın aktivləri 349 milyon manat, öhdəlikləri isə 297 milyon manat olub. Cari rəqəmlər və eləcə də ötən il üzrə müqayisəli göstəriciləri göstərir ki, hər iki bankın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi həmin bankların idaredilməsi baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir".
Deputat qeyd edib ki, sənədə əsasən, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə "Azər-Türk Bank" hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının 4 ay müddətində diaqnostikası aparılacaq və bankın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu isə ondan xəbər verir ki, "Azər-Türk Bank"ın fəaliyyətinin təkmilləşdirilməsinə növbəti mərhələdə xüsusi diqqətin ayrılması nəzərdə tutulur.
Həmçinin oxuyun: