MƏDƏNİYYƏT

İbrahim Tatlısəsə həbs cəzası kəsildi, amma o, konsert verəcək

Məhkəmə hökmün elan edilməsini təxirə salıb. Müğənni İbrahim Tatlısəsin "Tatlıses TV"nin baş meneceri Fulya Akbay Toprakı hədələdiyi və təhqir etdiyi iddia olunur.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Müğənni İbrahim Tatlısəsin "Tatlıses TV"nin baş meneceri Fulya Akbay Toprakı hədələdiyi və təhqir etdiyi iddia olunub. Tatlısəsin 4 ilə qədər həbs cəzasına məhkum edilməsi gözlənilən şikayətlə bağlı yekun qərar verilib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmədə Fulyanın vəkili Şeyda Yıldırım ifaçının müvəkkilinə təhqiramiz mesajlar göndərdiyini də bildirib.
Tatlısəs isə öz növbəsində ona ünvanlanan ittihamları inkar edərək deyib: "Şirkət işlərini Fulya və digər işçilərə həvalə etmişdim. Daha sonra şirkətdə qanun pozuntuları olduğunu öyrəndim və işlərinə son verdim. Sözügedən mesajlar mənə aid deyil".
Üç həftə əvvəl yekunlaşan istintaqın nəticəsi açıqlanıb. Məhkəmə İbrahim Tatlısəsə işçisini təhqir etdiyi üçün 740 lirə cərimə və təhdid ittihamı ilə əlaqədar 2 ay 15 gün həbs cəzası verib.
Onu da qeyd edək ki, bu gün uzun illərdir səhnələrdən uzaq düşən müğənni İbrahim Tatlısəs 12 il fasilədən sonra ilk dəfə səhnədə sevənlərinin qarşısına çıxacaq. Baş tutacaq konsertinin səhnə dizaynına 1,5 milyon lirə (təxminən 294 min manat) xərclənib. Konsertə biletlər isə 2 saat müddətində satılıb.
Qeyd edək ki, İbrahim Tatlısəs İstanbul Kuruçeşmədə səhnəyə çıxacaq.