RUSİYA

Rusiyada Aİ-95 benzininin birja qiyməti rekord vurdu

Rosstat-ın məlumatlarına görə, ölkədə pərakəndə satış qiymətləri sentyabr ayının əvvəllərindən azalmağa doğru gedir.
Sputnik
BAKI, 23 sentyabr - Sputnik. Sankt-Peterburq əmtəə xammal birjasında iki gün ərzində Ai-95 markalı benzinin qiyməti Rusiyada növbəti rekordu vurub. RİA Novosti-nin məlumatına görə, birjadakı sövdələşmələrdə bu markalı benzinin qiyməti bir ton üçün 60,38 min rubl (1550 manat) həddini keçib.
Eyni zamanda, Rosstat-ın məlumatlarına görə, Ai-95-in ölkədə pərakəndə satış qiymətləri sentyabr ayının əvvəllərindən azalmağa doğru gedir. Belə ki, hazırda bu markalı benzinin orta qiyməti sentyabr ayı ərzində təqribən 0,24 rubl (təqribən 0,06 manat) azalıb.
Rusiyanın Energetika Nazirliyi birjada qiymət artımını ölkədə bir neçə neftayırma zavodlarında təmir işlərinin getməsi, habelə bazarın yay yanacaq növlərindən qış növlərinə keçidi ilə əlaqələndirib.
Nazirlikdən həmçinin bildirilib ki, birja hərraclarında benzin qıtlığı ola bilməz.
Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən "Super" və "Premium" markalı yanacaq növlərinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.
Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.
Həmçinin oxuyun:
SOCAR benzinin bahalaşmasına münasibət bildirib