BAKI, 23 sentyabr — Sputnik. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədlinin tələbələrin vaksinasiyası barədə səsləndirdiyi fikir marağa səbəb olub. N.Məmmədli jurnalistlərə açıqlamasında bildirib ki, təhsil alanlar oktyabrın 1-nə qədər iki doza vaksin qəbul edəcəklərsə, bu o deməkdir ki, onlar ictimai nəqliyyatdan da istifadə edərkən ciddi problemlə üzləşməyəcəyik:
“18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub. Onlar vaksinasiyadan keçmədiyi halda təhsil müəssisələrinə buraxılmayacaqlar”.
Şöbə müdiri bildirib ki, əyani tədrisin epidemioloji vəziyyət maksimum dərəcədə nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır:
"Bütün bunlar hesablanıb. Ehtimal olunur ki, vaksinləşmə prosesi davam etdikcə, peyvənd vurdurmuş tələbələr təhsil müəssisələrinə gəldikdə belə, onlar yoluxma sayının artmasına təsir etməyəcəklər”.
Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinasiya ilə bağlı metroda hələ ki, sərnişinlərə hər hansı məhdudlaşdırma nəzərdə tutulmur. B.Məmmədov metrodan istifadə edən sərnişinlərdən vaksin sertifikatının tələb olunması ilə bağlı onlara göstəriş verilmədiyini də söyləyib.
Bakı Nəqliyyat Agentliyindən də bildirdilər ki avtobuslardan istifadə edən sərnişinlərdən yaxın gələcəkdə vaksin sertifikatının tələb olunması barədə onlarda heç bir məlumat yoxdur.
Həmçinin oxuyun: