BAKI, 22 sentyabr — Sputnik. Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, direktorlar problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər:
"Əgər həqiqətən ciddi sıxlıq varsa, sıxlığın aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür. Düzdür, şənbə günü ilə bağlı müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbərləri sorğu keçirərək buna əsasən işlərini qura bilərlər".
Mehriban Vəliyeva paytaxt məktəblərinin həyətlərinə valideynlərin buraxılmaması məsələsinə münasibət bildirib.
Mehriban Vəliyeva valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edib:
"Valideynlər təhsilin bir parçasıdır. Onlar da bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Məktəbə isə yalnız COVID -19 pasportu ilə daxil olmaq mümkündür. Mənə elə gəlir ki, belə məqamlarda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin".
O bildirib ki, hələ də vaksinasiyadan keçməyən təhsil işçiləri var. Vaksinasiyadan keçməyənlər tədrisə cəlb olunmur. Bu məsələyə də məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər. Tədrisə cəlb olunmaq üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır. Əgər bir təhsil müəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin müəssisədə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub.
Həmçinin oxuyun: