BAKI, 20 sentyabr — Sputnik. Qarşıdan payız mövsümünün gəlməsi qida rasionumuza da təsirsiz ötüşməyəcək. Yay fəsli ilə müqayisədə soyuq aylarda daha az vitamin qəbul edə biləcəyik. Soyuq ayların gəlməsi xüsusən pəhriz saxlayanlar üçün risklər yaradır. Bu şəxslər ilin müəyyən vaxtlarında digərləri ilə müqayisədə daha az vitamin qəbul edirlər.
Sputnik Azərbaycan COVID-19-un pəhriz saxlayanlara riskli təsirlərini araşdırmağa çalışıb.
İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamsında bu risklərdən danışaraq bildirib ki, COVID-19 xəstəliyinin ağır keçməsinin əsas səbəbi immun sisteminin zəif olmasıdır:
"Gündəlik hər kəs zülal və vitaminlər qəbul etməlidir. Pəhriz saxlayan şəxslərin isə gündəlik qida qəbulu azaldıqca, immuniteti də aşağı düşür. Belə olan halda həmin şəxslər COVID-19-a yoluxduqda təbii ki, xəstəliyi ağır keçirəcəklər".
Həkim bildirib ki, pəhriz saxlayan şəxslər gündəlik qida qəbulunu əvvəlki müddətlə müqayisədə 2-3 dəfə azaldırlar:
"COVID-19-a yoluxduqda xəstəliyi yüngül keçirtmək, yaxud da ümumiyyətlə yoluxmamaq üçün mövsümi meyvə-tərəvəzlərə üstünlük verilməlidir ki, immun sistemi daim aktiv vəziyyətdə olsun".
İnfeksionist deyir ki, payız-qış aylarında hava-damcı yolu ilə yayılan xəstəliklərin artması, bu aylarda qida rasionumuzda meyvə-tərəvəzlərin miqdarının azalması, vitamin dəyərinin aşağı olması xəstələnənlərin sayının artmasına səbəb olur. Onun sözlərinə görə, yayda yığılaraq qış üçün saxlanılan meyvələrin vitamin dəyəri aşağı olur:
"Quru meyvələrdə olan vitamin və minerallar ağacdan dərilən meyvələrdə olduğu qədər deyil, qat-qat aşağıdır".
Mərkəzi Gömrük Hospitalının həkim-diyetoloqu Məlahət Kərimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 pandemiyasının davam etdiyi müddətdə belə bir fikir formalaşır ki, pəhriz saxlanılarsa, immun sistemi aşağı düşər və bu virusa daha tez yoluxma halı qeydə alınar:
"Boy, çəki və yaşa uyğun olaraq balanslaşdırılmış menyuya əsasən pəhriz saxlanılmalıdır. Bu pəhriz düzgün saxlanılarsa, o zaman maddələr mübadiləsi də normal olar. Ən əsası yağ toxumalarını parçalamalıyıq, əzələ kütləsini yox".
Onun sözlərinə görə, pəhriz saxlayarkən tamamilə ac qalmaq olmaz:
"Az-az və tez-tez qidalanmaq lazımdır. 3 dəfə əsas qida qəbulundan əlavə 3 dəfə də qəlyənaltı qəbul etmək lazımdır. Qəlyənaltı zamanı qoz, fındıq, qara gavalı, kişmiş qəbul edilməlidir. Bağırsaqları hərəkətləndirəcək və immun sistemini gücləndirəcək meyvə-tərəvəzlərə daha çox üstünlük verilməlidir. Su yetərli miqdarda qəbul edilməlidir. Onun tərkibinə limon, darçın və zəncəfil əlavə edilməlidir ki, immun sistemi daha da möhkəmlənsin".
M.Kərimova deyir ki, pandemiya dövründə pəhriz saxlamaq düzgündür:
"Mədə-bağırsaq sistemi normal çalışarsa, bu zaman immun sistemi qaydasına düşər. Bunun üçün axşam yatmazdan öncə, qatıq, kətan toxumu qəbul etmək lazımdır".
Mütəxəssis bildirir ki, immun sistemini şirniyyatla gücləndirmək fikri heç də doğru deyil. Həkimonu da qeyd edib ki, pəhriz zamanı idmanla məşğul olmaq da arıqlamağa müsbət təsir edə bilər. Bu dövrdə gündəlik 7-8 saat yatmaq da çox önəmlidir.
Həmçinin oxuyun: