Kəlbəcərdə 30 illik qaranlıq yarıldı

"Gəncə-2” yarımstansiyasından Daşkəsənə, 110 kV-lıq “Daşkəsən” yarımstansiyasını qidalandıracaq yeni çəkilən 110 kV-luq elektrik veriliş xəttinin dayaqlarının tikilməsi prosesi də davam edir.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-lıq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcək Daşkəsəndə yerləşən 110 kV-lıq yeni “Daşkəsən” yarımstansiyası inşa edilir.
Həmçinin bildirilib ki, mənbə kimi istifadə olunacaq “Gəncə-2” yarımstansiyasından Daşkəsənə, 110 kV-lıq “Daşkəsən” yarımstansiyasını qidalandıracaq yeni çəkilən 110 kV-lıq elektrik veriliş xəttinin dayaqlarının tikilməsi prossesi də davam edir. Bu xətt Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksək gərginlikli xətti kimi tarixə düşə bilər.
Xəttin keçdiyi dağlarda texnikanın rahat hərəkət etməsi üçün öncə yol çəkilib. Qurumdan bildirilib ki, işlər gecə saatlarında da davam edir. Xətt boyu çəkilən yollar “Daşkəsən” yarımstansiyasınadək uzanır.
Əsas məqsəd Kəlbəcər rayonunu və həmçinin Daşkəsənin ucqar dağ kəndlərini dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Kəlbəcər xəttinin üzərində 110 kV-lıq yeni “Əhmədli” yarımstansiyası da inşa olunub. 
Hansı ki, bu yarımstansiyadan çıxan və yeni inşa olunan 35 kV-lıq “Zağalı” xətti Dankəsən rayonunun 30-dək ucqar dağ kəndini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. İşlər yekunlaşmaq üzrədir.