BAKI, 20 sentyabr — Sputnik. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) inşa edilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri suya salınıb.
ASCO-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, 20 sentyabr “Neftçilər Günü”ndə baş tutan mərasimdə QSC sədri Rauf Vəliyev, BGZ-nin baş meneceri İmanverdi Həsənovla yanaşı, hər iki qurumun əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının əlaçı tələbələri iştirak ediblər.
ASCO sədri Rauf Vəliyev bildirib ki, tikintisinin növbəti mərhələsinin aparılması üçün suya salınan gəmiyə Prezident İlham Əliyevin 2020-ci il yanvarın 15-də imzaladığı Sərəncama uyğun olaraq neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adı verilib: "Bu, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca üçüncü tankerdir. Bundan öncə Zavodda eyni tipli “Laçın” və “Kəlbəcər” tankerləri uğurla inşa edilərək, təhvil verilib".
Rauf Vəliyev qeyd edib ki, ümumilikdə son 8 ildə ASCO-nun donanmalarına 18 yeni gəmi əlavə olunub. Həmin gəmilərdən 10 ədədinin tikintisi üzrə sifariş Bakı Gəmiqayırma Zavodunda yerləşdirilib və bu istiqamətdə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Tədbirdə “Akademik Xoşbəxt Yusifzadə” tankerinin parametrləri və texniki göstəriciləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. “Akademik Xoşbəxt Yusifzadə” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulan, ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir.
Çıxışlardan sonra “Akademik Xoşbəxt Yusifzadə” tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə suya salınıb. Suya salınmaq üçün müvafiq düymə ADDA tələbələri və Zavod əməkdaşları tərəfindən sıxılıb.