CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr

Sputnik Azərbaycan nəinki Yerdə, eləcə də Kainatda səslənməyə layiq Azərbaycan xalq və bəstəkar musiqi əsərlərinin bəzilərini təqdim edir.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda Musiqi Günü sentyabrın 18-də, dahi bəstəkar, musiqişünas, pedaqoq, Azərbaycan peşəkar musiqisinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir.
Hər il Azərbaycanda bu gün bir sıra tədbirlər keçirilir, konsertlər təşkil olunur. Üzeyir Hacıbəyli adına festival isə bu il sentyabrın 18-dən 24-dək davam edəcək. Onun ilk konsertlərinin bu gün Şuşada təşkil olunması gözlənilir.
Milli Musiqi Günü münasibətilə Sputnik Azərbaycan ölkənin tanınmış mədəniyyət xadimlərinə müraciət edərək özləri ilə kosmik uçuşa yollansalar, hansı Azərbaycan musiqi incilərini götürmək istədiklərini soruşub. Onların seçimini təqdim edirik.  
Xalq artisti, dirijor Rauf Abdullayev - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra.
İstedadlı tenor Azər Zadə - Tofiq Quliyevin "Azərbaycan"ı.
Əməkdar artist Fuad İbrahimov - Fikrət Əmirovun "Azərbaycan kapriççiosu".
Xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov - Azərbaycan muğamı, xüsusən "Bayatı-Şiraz".
Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov - "Sən gəlməz oldun" (musiqisi Ələkbər Tağıyev, sözləri Mədinə Gülgün)
 
Xalq artisti, pianoçu Murad Adıgözəlzadə - Fərhad Bədəlbəylinin "Dəniz"i.
Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov - Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları. 
Bu siyahıya Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Rauf Hacıyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Firəngiz Əlizadə və başqalarının əsərlərini də əlavə etmək olar.

Azərbaycan muğamı kosmosda

1977-ci il fevralın 27-də "Voyacer"in Qızıl diski" işıq üzü görüb. Kainatın sakinlərini planetimizin səsləri ilə tanış etmək məqsədilə NASA-nın sifarişi ilə tərtib olunmuş, "Yerin səsləri" adlı, səslərin, nitqin, musiqinin kompilyasiyası "Voyacer" kosmik gəmisinin göyərtəsində kosmosa göndərilib.
Bethovenin Beşinci simfoniyası və 13-cü simli kvarteti, Baxın "Brandenburq konserti" və "Yaxşı temperlənmiş klavir"i, Motsartın "Sehrli fleyta"sı və Stravinskinin "Müqəddəsin baharı", Lui Armstronqun ifasında "Melancholy Blues", kor blüzmen Blaynd Uilli Consonun ifasında "Dark Was the Night, Cold Was the Ground" diskdə yer alır.
Diskə eləcə də Azərbaycan muğamı, gürcü xoru, vulkanların püskürməsi, ildırım səsi, işıldaböcəklərin və yağışın səsi, ürək döyüntüsü, gülüş, it hürüşü, quşların nəğmələri də yazılıb.