İQTİSADİYYAT

Ekspert Azərbaycana xarici investisiya qoyuluşundakı azalmanın səbəblərini açıqlayır

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, pandemiyanın yaratdığı gərgin iqtisadi durum investorları investisiya portfellərinə daha diqqətlə yanaşmağa məcbur etdi
Sputnik
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.
İqtisadçı ekspert Eyyub Kərimli Sputnik Azərbaycan-a xarici investisiyaların azalma səbəblərini açıqlayıb. Ekspert bildirib ki, investisiya qoyuluşundakı azalmanın bir neçə önəmli səbəbi var: “İlk olaraq onu deməliyəm ki, pandemiyanın yaratdığı gərgin iqtisadi durum investorları investisiya portfellərinə daha diqqətlə yanaşmağa məcbur etdi. Pandemiyanın iqtisadi fəsadları Avropa ölkələrinə də təsirsiz ötüşmədi. İkinic bir tərəfdən hesab edirəm ki, ölkəmizin ötən il apardığı 44 günlük Vətən Müharibəsi də investisiya qoyuluşlarına öz təsirini göstərib. Belə ki, müharibə gedən ölkələr investorlar üçün risk zonası hesab edilir. Bu da xarici investisiyaların həcminə təsirini göstərə bilər. Amma hesab edirəm ki, bu azalma müvəqqəti haldır və tezliklə işğaldan azad edilmiş ərazilərimizdə investisiya imkanları genişlənəcək”.
Eyyub Kərimlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz