BAKI, 18 sentyabr - Sputnik. Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatının onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılacağı barədə məlumat verilmişdi.
Sputnik Azərbaycan bildirir ki, Dövlət İmtahan Mərkəzi bu müddətin uzadıldığı barədə məlumat yayıb.
Belə ki, qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılıb. Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Məlumat üçün qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti sentyabrın 23-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.
Həm ali, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə çatdırırıq ki, qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinin sayı artırılmışdır. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilmişdir.
Eləcə də oxuyun:
Ali məktəblərdə mühazirələr onlayn keçirilə bilər
Xarici diplomların tanınması ilə bağlı statistika açıqlanıb
Vaksin olunmayan tələbələr dərsə buraxılmayacaq? Nazirlik duruma aydınlıq gətirdi