CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özbəkistanda işğaldan azad olunmuş ərazilərimizdə abidələrin bərpası müzakirə edilib

Anar Kərimov bu prosesdə Mədəniyyət Nazirliyinin üzərinə düşən işlər haqqında məlumat verib. Qeyd edib ki, azad olunmuş ərazilərdə nazirlik tərəfindən inventarlaşma, tarixi-mədəniyyət abidələrinin əvvəlki və indiki vəziyyətinin müqayisəsi aparılıb.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Özbəkistana səfəri çərçivəsində Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) icraçı direktoru Ebber Ndoro ilə görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, görüşdə nazir Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımıza məxsus maddi mədəni irs nümunələrini vandalizmə məruz qoyduğunu, mənimsədiyini İCCROM rəhbərinin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə geniş, bərpa və yenidənqurma işləri həyata keçirir.
Anar Kərimov bu prosesdə Mədəniyyət Nazirliyinin üzərinə düşən işlər haqqında məlumat verib. Qeyd edib ki, azad olunmuş ərazilərdə nazirlik tərəfindən inventarlaşma, tarixi-mədəniyyət abidələrinin əvvəlki və indiki vəziyyətinin müqayisəsi aparılıb. Artıq Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində mədəni quruculuq işlərinə başlanılıb. Nazir tarixi abidələrin bərpası prosesində İCCROM-un dəstəyinə ehtiyac duyulduğunu da E.Ndoronun diqqətinə çatdırıb.
İCCROM-un rəhbəri 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirakı ilə bağlı öz təəssüratlarını bölüşüb. Bildirib ki, İCCROM ilə Azərbaycan tərəfinin razılığına əsasən, daha öncə bərpa və restavrasiya ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınıb.
Görüşdə həmin təlimlərin bərpası, bununla bağlı kurslar üzrə qrupların formalaşdırılması, onlayn treninqin keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə mədəniyyət abidələrinin bərpası ilə bağlı canlı kursların və təlimlərin təşkili, interaktiv diskussiyaların reallaşdırılması və bütün bunlar üçün texniki komissiyanın yaradılması və s. məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb. Eyni zamanda, İCCROM-un iştirakı ilə Azərbaycanda regional təlim mərkəzlərinin yaradılması da müzakirə edilib.
Həmçinin oxuyun:
TÜRKSOY-un Daimi Şurasının 38-ci iclası keçirilib