CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad edilmiş ərazilərə UNESCO-nun missiyasının göndərilə bilər

Anar Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Özbəkistanda səfərdə olan mədəniyyət naziri Anar Kərimov bir sıra beynəlxalq təşkilatların rəhbər və nümayəndələri ilə görüşlər keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos ilə görüşündə Azərbaycanın UNESCO ilə sosial və humanitar elmlər sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
UNESCO ilə Azərbaycan arasında əməkdaşlığın tarixindən söz açan Anar Kərimov bu əlaqələrin inkişafında ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu bildirib.
Nazir həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi" beynəlxalq platforması haqqında məlumat verib. Qeyd edilib ki, BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqu özündə ehtiva edən "Bakı Prosesi" qlobal platforma kimi yüksək qiymətləndirilib. BMT-nin Sivilizasiyalar Alyansı və UNESCO Bakının ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı kimi çıxış edir. Dünyada multikultural və tolerant ölkə kimi qəbul olunan Azərbaycan fərqlilikləri özünün zənginliyi kimi olaraq edir.
Görüşdə həmçinin Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşən ölkələrlə əməkdaşlığa böyük önəm verdiyi, bu qədim yolun müasir inkişafdakı rolunu əhəmiyyətli hesab etdiyi vurğulanıb.
Anar Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.
Söhbət zamanı UNESCO tərəfindən Azərbaycanın Ermənistan işğalından azad olunmuş Qarabağ bölgəsinə texniki missiya göndərilməsi məsələsi barədə də fikir mübadiləsi aparılıb.
Görüşdə gender bərabərliyi, gənclər sahəsində, eləcə də UNESCO-nun təşkil etdiyi Gənclər Forumu ilə əməkdaşlıq da müzakirə mövzusu olub.
Həmçinin oxuyun:
UNESCO-nun Qarabağa qiymətləndirmə missiyası göndərməsi müzakirə olunub