CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası ilə bağlı işlərin görülməsi üçün komissiyanın təşkili, qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi, su problemi barədə müzakirələrin təşkili iş planına daxil edilib.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 17-də Milli Məclisin payız sessiyasında ilk iclasına toplaşan Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində 4 məsələyə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda komitənin sədri Sadiq Qurbanov öncə Milli Məclisin 2021-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitədə keçirilən 16 iclasda 18 məsələyə baxılıb. Əsasən mövcud qanunvericilik aktlarına dəyişikliklərdən ibarət olan bir sıra qanun layihələri, həmçinin "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" və "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihələri komitədə üç oxunuşda müzakirədən keçərək Milli Məclisdə qəbul edilib.
Yaz sessiyasında bu komitədə baxılan mühüm əhəmiyyətli qanun layihələrindən biri də "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi olub.
İclasda Sadiq Qurbanov onu da nəzərə çatdırıb ki, hesabat dövründə komitənin təşəbbüsü ilə Milli Məclisdə "Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və innovativ Qarabağ" mövzusunda onlayn konfrans keçirilib. Həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində ətraf mühitə və təbiətə qarşı mənfur düşmənin törətdiyi ekoloji terrorla bağlı dünya ölkələrinin parlamentlərinə, ətraf mühit və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara və beynəlxalq konvensiyaların katibliklərinə, beynəlxalq ekoloji qeyri-hökumət təşkilatlarına və fondlarına hesabat dövründə çoxsaylı müraciətlər göndərilib.
Sessiyalar ərzində komitə üzvləri KİV-lərdə müntəzəm çıxışlar ediblər, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının işində fəallıq göstəriblər.
2021-ci ilin yaz və növbədənkənar sessiyalarında komitəyə daxil olan 287 müraciətə baxılıb, tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Əksər müraciətlərin həllinə nail olunub. Hesabat dövründə komitə sədri tərəfindən parlamentdə və yerlərdə 56 görüş keçirilib, vətəndaşlar tərəfindən edilən 313 şifahi müraciətə də həssaslıqla yanaşılıb.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulan qanunvericilik işlərini və müxtəlif səpkili tədbirləri əhatə edən iş planı müzakirə olunub. İş planında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək tədbirlər sırasında "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya" çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin, eləcə də Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiyanın təşkili, qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi, su problemi və suyun keyfiyyəti barədə müzakirələrin təşkili, işğaldan azad edilmiş ərazilərimizdə ekoloji vəziyyətin təhlili və digər bu kimi mühüm məsələlərin də yer alması razılıqla qarşılanıb.
Onlayn iclasda gündəlikdəki növbəti məsələni təqdim edən Sadiq Qurbanov birinci oxunuşda müzakirəyə çıxarılmış "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "İcra haqqında", "Banklar haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "Sığorta fəaliyyəti haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsini ətraflı şərh edib. Komitə sədrinin məlumatı dinlənildikdən sonra fikir mübadiləsi aparılıb, yekunda bu qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda aparılan müzakirələrdə komitə sədrinin müavini Asim Mollazadə, deputatlar Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, İltizam Yusifov, Afət Həsənova gündəlikdəki məsələlərə münasibət bildiriblər, komitənin işi ilə bağlı rəy və təkliflərini nəzərə çatdırıblar.
Komitənin iclasında deputat Əliabbas Salahzadə, Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov iştirak ediblər.
Həmçinin oxuyun:
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib