BAKI, 16 sentyabr — Sputnik. Yeni dalğanın gəlib-gəlməyəcəyini əvvəlcədən bilmək mümkün deyil.
Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
ÜST nümayəndəsi bildirib ki, koronavirusun yeni variantları yaranır və virus mutasiyaya uğrayır: "Delta" ştammı son günlərdə yaşanan dalğanın səbəbkarıdır. Bu ştamm çox sürətlə yayılır. Bütün dünyada insanlar eyni səviyyədə peyvənd olmasa, yeni ştamlar yaranmağa davam edəcək. Dünyada isə hər kəsə peyvənd bərabər paylanmır. Bir çox ölkədə peyvənd vurulması hələ 1%-in altındadır. Oralarda yeni ştammların meydana gəlməsi və dünyaya yayılması mümkündür. Başqa sözlə, heç kim yeni dalğanın gəlib-gəlməyəcəyini deyə bilməz. Amma ümid edirik ki, bütün tədbirlərin görülməsi, yeni peyvəndlərin ortaya çıxması pandemiyanın bitməsinə gətirib çıxarır".
ÜST rəsmisi deyir ki, digər problem bu xəstəliyin dərmanının hələ də tapılmamasıdır: "Yeni müalicə üsulları və dərmanlar ortaya çıxmalıdır. Bunların sayı çox azdır. Gələcəkdə daha effektiv müalicə və dərmanların ortaya çıxmasına və pandemiyanın sona çatmasına ümid edirik".
H.Harmancı pandemiyanın nə vaxt bitə biləcəyi ilə bağlı suala isə konkret cavab verməkdə çətinlik çəkib: "Bunu heç kim deyə bilməz".
ÜST nümayəndəsi bildirib ki, bununla belə, qərarı ölkələr özü verir: “Hər ölkə hansı vaksini qəbul edib-etməyəcəyinə özü qərar verir. Bu, hər zaman belədir, təkcə pandemiyaya aid məsələ deyil. Amma ÜST olaraq biz bütün ölkələrə tövsiyə edirik ki, təcili istifadə siyahısına daxil etdiyimiz vaksinləri tanısınlar, qəbul etsinlər. Bütün ölkələri bizim siyahımızda olan vaksinləri eyni şəkildə qəbul etməyə dəvət edirik. Bunu məcburi şəkildə ölkələrdən istəyə bilmirik. Çünki ÜST BMT-nin içində bir qurumdur. Bizim qərarlarımız bütün ölkələr üçün tövsiyə xarakterindədir”.
O, hazırda dünya ölkələri arasında beynəlxalq pandemiya razılaşması əldə etməklə bağlı danışıqlar olduğunu da diqqətə çatdırıb və bildirib ki, bu müzakirələr ölkələrin öz arasında aparılır: “Belə razılaşma əldə olunarsa, vaksinlərin tanınması ilə bağlı ölkələr öz aralarında razılaşmaya gedə bilər. Biz ölkələrə sadəcə, tövsiyə xarakterli müraciətlər ünvanlayırıq”.
H.Harmancı həmçinin vaksinlərinin qoruyuculuğundan danışaraq deyib ki, bu qoruyuculuq bir müddət sonra azalmağa başlayır. O “Üçüncü doza növbəti ildən hamıya tətbiq edilə bilərmi” sualını da cavablayıb və bildirib ki, artıq üçüncü doza məsələsinin elmi olaraq vacibliyi ortaya çıxır. Onun sözlərinə görə, hələ səhiyyə işçilərini peyvəndləməyən ölkələr var: “O ölkələr bu vəziyyətdəykən ehtiyacı olmayanlara, risk qrupunda olmayanlara üçüncü dozanın vurulmasını etik olaraq da doğru saymırıq. Bizim direktorumuz da üçüncü dozanın sadəcə ehtiyacı olanlara, yaşı 65-dən çox olanlara, səhiyyə işçilərinə vurulmasını tövsiyə edir”.
H.Harmancı Azərbaycanda məktəblərin açılmasına da münasibət bildirərək belə bir addımın atılmasını yüksək qiymətləndirdiyini söyləyib. ÜST nümayəndəsi bildirib ki, uşaqların vaksinasiyasının aparılması ölkənin öz qərarıdır: “Azərbaycanda uşaqların vaksinasiyası ilə bağlı hələlik qərar yoxdur. Buna baxmayaraq, məktəblərin açılması çox vacibdir. Uşaqlar çox uzun müddətdir məktəbdən uzaq qalıb. Bu, onların sağlamlığı baxımından çox problem yaratdı, uşaqların sosiallaşmasının qarşısını aldı. Ona görə də ÜST olaraq UNİCEF-lə birlikdə məktəblərin açılması ilə bağlı tövsiyələr verdik. Əlbəttə ki, lazımi tədbirlərə əməl edərək əyani tədrisin davam etməsinə çalışılmalıdır”.