BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət bəzən həftədə bir neçə dəfə dəyişir, yəni qiymətlər həm qalxır, həm də düşür. Ötən il Aİ-95 markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü. Sonra isə tədricən artmağa başladı. Dəyişikliyin səbəbi əsasən dünya bazarlarında neft və neft məhsullarının qiymətinə bağlıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İctimai TV-nin efirində bu markalı benzinlərin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycanda ümumi yanacaq istehlakını götürsək, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və Aİ-92 markalı benzinin üzərinə düşür: "Bu yanacaq növləri ölkə daxilində istehsal olunur. Dizelin hətta bir hissəsi də ixrac olunur. "Premium" və "Super" markalı benzinin üzərinə isə cəmi istehlakın 2 faizi düşür. Ölkədə istifadədə olan avtoparkın əsas hissəsi də məhz dizel və Aİ-92 markalı benzinə uyğundur. Lakin tədricən "Premium" və "Super" markalı benzin növlərinin də istehlakı artmaqdadır. Çünki ölkəyə idxal edilən bir çox benzin növləri ilə işləyən yeni avtomobillər məhz "Premium" və ya "Super" markalı benzin üçün nəzərdə tutulub. Bu avtomobillərin yanacaq doldurma yerində göstərilir ki, hansı yanacağın ona vurulması uyğundur".
""Premium" və "Super" markalı benzinlər ölkədə əsasən orta və nisbətən zəngin insanlar tərəfindən istifadə olunur. Məhz ona görə də onların sayı nisbətən azdır. "Premium" və "Super" markalı benzinə alternativlər məsələn, elektromobillər ola bilər. Məsələn, "Premium" markalı benzin kimin üçün isə bahalı hesab edilirsə, fikrimcə, onlar elektromobillərə keçmək barədə düşünə bilərlər"-deyə o qeyd edib.
Onun sözlərinə görə, 2022-ci və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq. İlk dövrlərdə Aİ-92 markalı və Aİ-95 markalı benzin "Avro 5" standartına uyğun istehsal olunacaq.
Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən "Super" və "Premium" markalı yanacaq növlərinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.
Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.