BAKI, 16 sentyabr — Sputnik. Növbəti illərdə kurikulum daha da sadələşdiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib.
O, bildirib ki, ümumtəhsildə qiymətləndirmə konsepsiyasına da yenidən baxılır: "Ola bilər ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun.Məktəblərdə şagirdlərin qiymətləndirməsinə yenidən baxılır".
R.Əzizov qeyd edib ki, növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq. Bu, "Təbiət" dərsliyidir. Burada təbiət fənlərinin inteqrasiyasından söhbət gedir".
Onun sözlərinə görə, yeni dərslik tamamilə bacarıq, tədqiqat istiqamətdə dərslərin keçirilməsinə əsaslanır: "Dərslik gənc müəlliflər tərəfindən hazırlanıb. Bu dərsləri tədris edəcək sinif müəllimləri üçün dərslik müəllifləri tərəfindən təlimlər təşkil olunub. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri Kimya, Biologiya və Fizika fənləri olaraq ayrılacaq".