Nazirlik məktəblərdə dərslərin necə keçiriləcəyini açıqladı

Firudin Qurbanov deyib ki, bununla bağlı tədris müəssisələrinin rəhbərləri ilə görüş keçirilib və müvafiq tapşırıqlar verilib.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Tədrisin əyani keçirilməsi ilə bağlı müvafiq hazırlıq işləri aparılır. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarları var və tədris prosesi bu qərarlara uyğun olaraq həyata keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. F.Qurbanov deyib ki, pandemiya dövründə hər bir şagirdin və müəllimin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər həyata keçiriləcək:
"İlk növbədə hər bir tədris ocağında dezinfeksiya işləri aparılacaq. Hər bir şagirdin, hər bir müəllimin hərarəti yoxlanılacaq. Məktəblərə daxil olarkən müəllimlərin COVID pasportu yoxlanılacaq. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən tədbirlər görülür. Bununla bağlı tədris müəssisələrinin rəhbərləri ilə görüş keçirilib və müvafiq tapşırıqlar verilib".
Nazir müavini həmçinin bildirib ki, son 15 ildə 3500 təhsil ocağı təmir olunub. Ən ucqar kəndlərdə də məktəblərin infrastrukturu gücləndirilib. O, bildirib ki,  məktəb direktorları ilə bərabər onların müavinləri də xüsusi imtahanla işə qəbul olunur:
“Diaqnostik qiymətləndirmə imtahanları tətbiq ediləndən sonra müəllimlərin maaşı iki dəfə artdı. Bu isə öz növbəsində müəllimlik peşəsinə xüsusi maraq yaradır”.