CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbə buraxılmayan müəllimlərə maaş veriləcək?

İmmunitet sertifikatı və ya əks göstəriş arayışı olmayanların işdən kənarlaşdırılması birbaşa əmək qanunvericiliyində əks olunmayıb.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Bu tədris ilindən ənənəvi dərslər bərpa olunsa da, pandemiya səbəbindən koronavirus əleyhinə peyvənd olunmayan müəllimlər məktəbə buraxılmayacaq. Bu isə məktəbə buraxılmayan müəllimlərin əmək haqlarını alıb-almayacaqları ilə bağlı sual yaradır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəssisə rəhbərinin əmri ilə peyvənd olunmayan müəllimlər işdən kənarlaşdırıla bilər: "Əmək Məcəlləsinin 62.3. maddəsinə görə, işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir".
Bununla belə S.Məmmədov deyir ki, işçinin işdən kənarlaşdırılması onunla əmək müqaviləsinə xitam verilməsi demək deyil: "İşdən kənarlaşdırma səbəbi aradan qalxan andan işçi əmək funksiyalarını davam etdirə bilər. Lakin işləmədiyi vaxt üçün əmək haqqı ödənilməyəcək".
Ekspertin sözlərinə görə, üzrlü səbəb olmadan vaksin qəbul etməyənlərin, immunitet sertifikatı və ya əks göstəriş arayışı olmayanların işdən kənarlaşdırılması birbaşa əmək qanunvericiliyində əks olunmayıb. S.Məmmədov deyir ki, ƏM-nin 226-cı maddəsində ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməli olduğu qeyd olunur.
O bildirir ki, işçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər:
"Əlbəttə bu müddəa bilavasitə vaksinasiya məsələsinə aid deyil. Amma mahiyyət budur ki, tibbi müayinədən keçməyən işçidə iş zamanı özü və başqaları üçün təhlükə yaradan xəstəlik varsa, o işləyə bilməz. Bu halda vaksin qəbul etməyən şəxsin iş yerində başqalarının sağlamlığına təhlükə yaratmaq riski böyükdür və Operativ Qərargahın müvafiq qərarları ilə belə şəxslərin müəyyən yerlərə daxil olmasına məhdudiyyət qoyulub. Yəni digər qanunvericilik qüvvəli aktlarla belə məhdudiyyətlər qanuniləşdirilib".
S.Məmmədov deyir ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanununun 3.6-cı maddəsinə görə, insan hüquqları "sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün" məhdudlaşdırıla bilər.
Onun sözlərinə görə, tərəfdar çıxdığımız Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt (maddə 22.2. ... əhalinin sağlamlığı və mənəviyyatının və yaxud başqa şəxslərin hüquq və azadlıqlarının qorunması mənafeləri üçün zəruri olan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət qoyula bilməz) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası belə məhdudiyyətləri legitim sayır və bunu insan hüquqlarının pozulması hesab etmir.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirdilər ki, qeyd olunan qərar ölkədə mövcud olan pandemiya vəziyyətinə uyğun olaraq verildiyi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir.
Qeyd edək ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev mətbuata açıqlamasında bildirib ki, COVID-19 pasportu və əks göstəriş sertifikatı olmayan müəllimlər ali və ya orta təhsil müəssisələrinə buraxılmayacaqlar. O bildirib ki, hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Hazırlanmış siyahılar əsasında ciddi monitorinqlər aparılacaq. Nazir müşaviri vaksinasiyada iştirak etməyən və əks göstəriş sertifikatı olmayan müəllimlərin əməkhaqlarının ödənilməsi ilə bağlı məsələnin müzakirə olunduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaqlar. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.