CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava şəraiti dəyişir: proqnoz və FHN-dən ildırım təhlükəsi ilə bağlı xəbərdarlıq

Bəzi dağ çaylarından qısamüddətli sel keçməsi ehtimalı ilə əlaqədar sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan ərazisində sentyabrın 17-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-23° isti, gündüz 25-27° isti, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 %olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 16-sı axşamdan 17-si gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-17° isti olacaq.
Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Həmçinin, bəzi dağ çaylarından qısamüddətli sel keçməsi ehtimalı ilə əlaqədar sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!