Fransalı merin də adı "qara siyahıya" salınacaq: Azərbaycan XİN xəbərdarlıq etdi

Leyla Abdullayeva deyib ki, Azərbaycan qanunvericiliyini pozduğu üçün fransız deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır.
Sputnik
BAKI, 16 sentyabr - Sputnik. Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir. O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirərkən deyib.
"Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır. Fransa Milli Assambleyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək. Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir", - XİN rəsmisi vurğulayıb.