VİDEO

Dədə-baba sənəti: kəndirbazlar nəslindən olan adam Dağıstan yüksəkliklərini fəth edir

Kəndirbazlar nəslinin altıncı nümayəndəsi olan Kamil Mamayev ekstremal marşrutlarla qeyri-adi hobbisini həyata keçirir və bu sənəti məşhurlaşdırır.
Sputnik
Kəndirbaz Kamil Mamayevin sözlərinə görə, altı yaşından ip üstündə yeriməyə başlayıb. Kəndirbaz indiyə kimi hobbisini 10-a yaxın müxtəlif marşrut üzrə gerçəkləşdirib ki, onların arasında 150 metr yüksəklikdə, Solotol kanyonu üzərində ip üstə gəzmək də var.
Mamayev deyir ki, fəaliyyətinin əsas məqsədi bütün arzulayan insanlar üçün ip üstündə yerimək imkanının yaradılmasıdır. Bu məqsədlə o, Çindirçero dağ xizək kurortunda müxtəlif uzunluqlu kəndirlər üzərində ekstrim-park da təşkil edir.
"Bura çox turist gəlir, mühafizə sistemi vasitəsilə ip üstündə dayanmağa çalışır, şəkil çəkdirirlər. Onların arasında bu işi öyrənmək istəyənlər də çox olur. Hərə özünə lazım olanı seçir. Bəziləri üçün bu əyləncə, digərləri üçün idman, bir başqaları üçün ekstrimdir. Elə insanlar da var ki, bu işi həyatının mənası hesab edirlər", – deyə kəndirbaz fikirlərini bölüşüb.
O, sözügedən parkın yaradılması ilə yanaşı, şəxsi rekordunu da təzələmək niyyətindədir.
"Bu il ip üstündə 1,5 kilometr məsafə qət etmək istəyirəm. Bu Rusiya rekordudur. Əgər bunu bacarsam, rekord qazanmış olacağam. Baxaq görək, necə alınır", – deyə kəndirbaz sözlərinə yekun vurub.