Bakıda əlbir olan həkimlərin cinayəti üzə çıxdı

Həkimlərin tamah niyyəti ilə Bakı şəhəri ərazisində 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alaraq saxta vaksin pasportu verdiklərinə əsaslı şübhələr müəyyən edilib.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Qanunsuz olaraq pul müqabilində vətəndaşlara saxta "COVID-19" vaksin sertifikatı təqdim edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhəri ərazisində qanunsuz olaraq pul müqabilində vətəndaşlara COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin serifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verilməsi barədə daxil olan məlumat əsasında təxirəsalınmaz əməliyyatlar həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikada tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim–terapevti Bəsdi Behbudova və "Paşa-K" firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva ilə cinayətkar əlaqəyə girdiyinə əsaslı şübhələr müəyyən edilib.
Bu şəxslərin tamah niyyəti ilə Bakı şəhəri ərazisində 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alınması müqabilində COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını, vətəndaşlar barədə "E-Təbib" portalında mövcud olan məlumatların dəyişdirilməsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Qeyd edək ki, ötən gün Zərdab rayon Mərkəzi Xəstəxanasında koronavirus xəstəliyi əleyhinə aparılan vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi faktı aşkarlanıb.
Həmçinin oxuyun:
Saxta COVID-19 pasportuna görə cinayət işi açıldı
Ölkə xaricində yaşayanlar da Azərbaycandan saxta vaksin sənədi alıb