BAKI, 16 sentyabr — Sputnik. Sentyabrın 16-da Baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, məqsəd dünya birjalarında buğdanın qiymətinin artmasının daxili bazarda un və un məmulatlarının qiymətlərinə təsirinin azaldılması və qiymət artımının qarşısının alınmasıdır.
Dəyişikliklə 2021-ci il sentyabrın 1-dən dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə ödənilməli subsidiyanın məbləğinin necə hesablanacağı müəyyənləşib.
Qərara əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən ediləcək.
Eyni zamanda, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərara əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarla müəyyən edilən həcmdə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə müəyyən edilən bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən ediləcək.
Un istehsalı ilə məşğul olan şəxslər tərəfindən un bu qərarla müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq.
Qərara edilən dəyişikliyə əsasən, idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında ərzaqlıq buğdanın orta aylıq idxal dəyərini hesablanacaq.
Subsidiya verildiyi müddətdə dünya birjalarında ərzaqlıq buğdanın qiymətlərinin monitorinqini aparsın və əldə edilmiş məlumatların ayda bir dəfə taxıl idxalçılarına çatdırılmasını təmin ediləcək. Maliyyə Nazirliyi bu Qərara uyğun olaraq tələb olunan subsidiya məbləğinə dair İqtisadiyyat Nazirliyinin məlumatları əsasında subsidiyanın ödənilməsi məqsədilə maliyyələşmə mənbələri barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2021-ci il dekabrın 31-dək Nazirlər Kabinetinə təqdim edəcək.