İQTİSADİYYAT

Azərbaycanda İslam istiqrazları buraxılacaq

İqtisadçı dövlət şirkətlərinin İslam istiqrazları - sukuk buraxa bilmə məsələsini şərh edib. Həmin istiqrazlar vasitəsilə səhmlərə çıxış əldə etmək mümkün olacaq.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Bu yaxınlarda Azərbaycan İnvestisiya Holdinqi və İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər Holdinqin idarəetməsində olan dövlət şirkətlərinə sukuk (şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi - istiqrazların İslami ekvivalenti) emissiyasına dəstək verilməsi üçün əməkdaşlıq edəcəklər.
İstiqrazları beynəlxalq maliyyə birjalarında dəyişmək, nağdlaşdırmaq mümkündür
İslam istiqrazları ilə bağlı sənədi şərh edən iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, bu, gələcəyə yönələn bir müqavilədir. Müqavilənin mahiyyəti ondan ibarətdir ki, gələcəkdə Azərbaycan İnvestisiya Holdinqinə daxil olan dövlət şirkətlərinin səhmlərinin satışa çıxarılması və yaxud da özəlləşdirilməsi baş verərsə, həmin istiqrazlardan istifadə etmək mümkün olacaq. Yəni həmin istiqrazlar vasitəsilə səhmlərə çıxış əldə etmək mümkün olacaq. Sonradan o istiqrazları beynəlxalq maliyyə birjalarında, əsasən də Londonda və yaxud da Ərəb Əmirliklərinə aid birjalarda dəyişmək, nağdlaşdırmaq mümkündür.
Azərbaycan dövlət şirkətlərinin səhmlərinə həmin istiqrazlar vasitəsilə çıxış əldə etmək olacaq
"Gələcəkdə İnvestisiya Holdinqinə daxil olan dövlət şirkətlərinin özəlləşdirilməsi baş verərsə, bu zaman İslam bankçılığı qaydalarına uyğun olaraq həmin istiqrazlardan istifadə etmək mümkün olacaq. Və Azərbaycan dövlət şirkətlərinin səhmlərinə həmin istiqrazlar vasitəsilə çıxış əldə etmək olacaq. Gələcəkdə belə anlaşmaların olması mümkündür. Azərbaycan İnvestisiya Holdinqinə daxil olan şirkətlərin gələcəkdə özəlləşdirilməsi ilə bağlı daha açıq yol xəritəsi olacaqsa, Holdinqə daxil olan şirkətlərə maraq xarici investorlar tərəfindən arta bilər", - deyə o qeyd edib.
Dövlət şirkətlərinin özəlləşməyə açılması bu sahəyə marağı xeyli artıra bilər
Onun fikrincə, bizdə oturuşmuş qiymətli kağızlar bazarı və onun tərkib hissəsi kimi olan istiqraz bazarı aşağı səviyyədədir. Ən populyar alət Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı qiymətli kağızlardır ki, həm korporativ investorlar, həm də fərdi investorlar tərəfindən maraqla qarşılandı. Başqa səhm bazarında və istiqraz bazarında ciddi aktivlik yoxdur. Dövlət şirkətlərinin gələcəkdə səhmlərinin dövriyyəyə buraxılması baş verərsə, bu, səhm bazarının canlanmasında ən mühüm rol oynaya bilər. Çünki bizdə hələ də dövlət şirkətlərinin əksəriyyəti qapalı tipli səhmdar cəmiyyəti şəklində fəaliyyət göstərir, onların səhmlərinin 100 faizi dövlətə məxsusdur. Amma gələcəkdə həmin səhmlərin real səhmlərə çevrilərək ən azından 10-20 faizi bazara çıxarılsa, səhm bazarının canlanmasının şahidi ola bilərik. İndiki şəraitdə sırf biznes çevrələri vasitəsilə səhm bazarının canlandırılması mümkünsüz görünür. Ona görə də dövlət şirkətlərinin özəlləşməyə açılması bu sahəyə marağı xeyli artıra bilər.
Dünya İslam bankçılığının və istiqraz bazarının mərkəzi Londondur
Onun sözlərinə görə, İslam bankçılığı son 20-30 ildə İslam istiqrazları ilə birlikdə populyarlıq qazanıb: "Dünya İslam bankçılığının və istiqraz bazarının mərkəzi Londondur. Milyardlarla dövriyyəsi olan ayrıca bazardır. Bunun spesifik xüsusiyyətləri var və bəzi investorlar üçün bu, daha cəlbedicidir. Çünki faizsiz kredit götürürlər, əsasən də startap ideyalara yatırırlar. Sonradan o ideyaların reallaşması baş verərsə, həmin istiqraz sahibləri səhmdara çevrilə və dividend götürə bilirlər. Dünyada bu bazara maraq xeyli artıb. Lakin bunun hələ ki, dünyada geniş vüsət aldığını söyləmək mümkün deyil, dövriyyələri o qədər də böyük deyil. Amma perspektivi var".
SOCAR-ın yeni istiqrazları
Qeyd edək ki, SOCAR uzun müddətdən bəri investorların ünvanladığı çoxsaylı müraciətləri və böyük tələbatı nəzərə alaraq, daxili bazar üçün yeni istiqrazlar buraxacaq.
Azərbaycan vətəndaşlarına növbəti dəfə gəlirli və etibarlı investisiya imkanı təqdim edən SOCAR 2016-cı ildə buraxdığı istiqrazlarla ölkəmizin qiymətli kağızlar bazarında ciddi uğura imza atıb, təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub saxlayıb.
100 milyon dollarlıq ilk istiqrazlara tələbat iki dəfədən artıq olub. Hazırda təkrar bazar əməliyyatlarının məbləği rekord göstərici olan 201 milyon dolları aşıb. İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda 25 milyon dollar gəlir əldə edəcəklər.
SOCAR istiqrazlarına abunə yazılışı ölkəmizdə "Neftçilər Günü" kimi qeyd olunan 20 sentyabrda başlayacaq və oktyabrın 29-na qədər davam edəcək. İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, ölkə ərazisində daimi və yaxud müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər. Yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcək. İstiqrazları xarici fiziki və hüquqi şəxslər isə təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.
Yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi məbləği 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 (min) dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4.5%-dir və faiz gəlirlərinin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycan İnvestisiya Holdinqi Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılıb.
Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.