BAKI, 15 sentyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Düşənbədə jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Moskva Talibanı* tanımağa tələsmir və Əfqanıstan hökuməti haqqında danışmaq hələ tezdir. Həmçinin, Rusiya diplomatiyasının rəhbəri Əfqanıstandan olan qaçqınlar, NATO ilə qarşılıqlı əlaqə və ABŞ-ın Rusiya Federasiyasındakı seçkilərə müdaxiləsi mövzusuna da toxunub.
Taliblər
Sergey Lavrov bildirib ki, indiyə qədər dünyada heç kim talibləri rəsmən tanımağa tələsmir.
"Taliblər hələ heç bir ölkə tərəfindən tanınmayıblar. Hamı deyir ki, ilk növbədə təhlükəsizlik məsələləri, vətəndaşların hüquqlarına nəzarət və diplomatik missiyaların normal fəaliyyətini təmin etmək mövzusunda mövcud məsələlər üzrə onlarla əlaqə saxlamaq lazımdır. Ancaq onları rəsmən tanımaq üçün heç kim tələsmir", - deyə Lavrov jurnalistlərə bildirib.
Rusiyalı nazir onu da qeyd edib ki, çox az vaxt keçdiyinə görə Əfqanıstanın yeni hökumətini mühakimə etmək hələ tezdir.
Lavrovun fikrincə, bu, Mərkəzi Asiyanın qonşu ölkələri üçün hər hansı bir riskin istisna edilməsi üçün zəruridir.
"Taliblər özləri öz məqsədlərini bildiriblər, o cümlədən onlar terrorizmə qarşı sonrakı mübarizəyə, narkotik ticarəti ilə mübarizəyə sadiq qalacaqlarını bəyan edərək hər kəsi Əfqanıstan ərazisindən qonşu ölkələrə heç bir təhlükənin yaranmaması üçün əllərindən gələni edəcəklərinə əmin ediblər", - deyə nazir qeyd edib.
Lavrovun sözlərinə görə, taliblər qonşu ölkələrdə sabitliyi pozmaq niyyətində olmadıqlarına və Əfqanıstan cəmiyyətinin bütün siyasi, etnik və konfessional spektrini əks etdirən inklüziv bir hökumətin yaranmasını əminliklə bildiriblər.
"Dünyanın əksər ölkələri kimi, biz də bu yanaşmanı alqışladıq və indi bunun necə həyata keçiriləcəyini müşahidə edirik", - deyə XİN rəhbəri əlavə edib.
Moskva miqrasiya böhranına görə məsuliyyət daşımır
Rusiya bunun məsuliyyət yükünü daşımayacağını söyləyib.
Həmçinin rusiyalı nazir Qərbin hərəkətlərinə görə Əfqanıstandakı vəziyyətlə əlaqədar mümkün miqrasiya böhranı mövzusuna da toxunub. O qeyd edib ki, Rusiya buna görə məsuliyyət daşımaq niyyətində deyil.
"Miqrantlar Əfqanıstandan, İraqdan, Qərb həmkarlarımızın həyəcanlandırdığı bütün ölkələrdən gəlirlər, indi isə elə həmin qərbli həmkarlar Belarus tərəfinin hərəkətlərini "hibrid müharibə" adlandıraraq səslərini yüksəldirlər. Əgər Qərb qanunsuz miqrasiyadan bu qədər narahatdırsa, onda Qərbin sakitləşməsinə ehtiyac var. Xatırladım ki, ilk dəfə qanunsuz miqrasiya mövzusu NATO Liviyanı bombaladıqdan sonra ortaya çıxıb və Liviya "qara dəliyə" çevrilib", - deyə Lavrov bildirib.
"Avropa Birliyi bunun özü üçün çox ağır olduğunu başa düşdükdə hər kəsi bu miqrantların taleyinə görə məsuliyyət yükünü bölüşməyə çağırmağa başlayıb. Biz nəinki dəstəkləmədiyimiz, həmçinin qınadığımız bir işə görə məsuliyyət yükünü bölüşmək niyyətində deyilik", - deyə nazir əlavə edib.
NATO
S.Lavrov Rusiyanın NATO ilə qarşılıqlı əlaqəsi mövzusuna da toxunub. Onun sözlərinə görə, NATO hərbi xətt üzrə dialoqa qəti şəkildə qarşı çıxıb.
Nazir vurğulayıb ki, Moskva "yarımisterik tonlarda deyil, peşəkar olaraq" danışmağa hazırdır.
"Ümumiyyətlə, onlar (Şimali Atlantika Alyansı - red.) Ukrayna və Krımdakı hadisələrdən sonra hərbçilər arasında dialoq aparmaqdan qəti şəkildə imtina ediblər. Biz bu cür emosional, yarımisterik tonlarda deyil, peşəkar şəkildə danışmağa hazırıq", - deyə xarici işlər naziri bildirib.
Seçkilərə müdaxilə
Rusiya xarici işlər naziri qeyd edib ki, Moskva Vaşinqtondan ABŞ-ın Rusiyadakı seçkilərə niyə müdaxilə etdiyi sualına cavab verməsini gözləyir.
Sentyabrın 10-da ABŞ-ın Moskvadakı səfiri Con Sallivan idarəyə çağırılıb.
"Ona (səfirə - red.) verilən məlumatlar kifayət qədər ciddi olub. Vəssalam. Amerikalı həmkarlarımızdan bunun niyə baş verdiyinə dair cavab gözləyirik", - deyə o bildirib.
ABŞ-ın Rusiya işlərinə müdaxiləsi faktlarının bir sıra xarici platformaların qadağan edilmiş məzmunu silməkdən imtina etməsi ilə əlaqədar olduğunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika səfirinə konkret hansı faktların təqdim edildiyi sualına cavab verərkən bildirib.
"Mən bu faktlarla bağlı təfərrüata varmayacağam. Faktlar bir sıra Qərb internet platformalarının qadağan olunmuş məzmunu silməkdən imtina etməsi ilə əlaqədardır. Ümumiyyətlə, mən belə deyəcəyəm. Konkret faktlar Amerika səfirinə ötürülüb. O, bu sənədi yoxlayacağına söz verdiyi məlumat kimi qəbul edib. Düzdür, o deyib ki, kiminsə Rusiya qanunvericiliyini pozduğu barədə onlarda heç bir məlumat yoxdur", - deyə nazir jurnalistlərə bildirib.
"Şimal Axını-2"
Sergey Lavrov müsahibədə "Şimal Axını-2"nin gələcək taleyi barədə danışaraq, hücumların layihəyə davam etdiyini söyləyib.
"Şübhə etmirəm ki, bu qaz kəmərinə hücum cəhdləri davam edəcək. Ona qarşı çıxmaqda ən çox canfəşanlıq edən azlıqdır, aqressiv olan bu azlığa ilk növbədə Baltikyanı ölkələr, Polşa və digər AB ölkələri daxildir", - deyə Lavrov jurnalistlərə bildirib.
* Rusiya Federasiyası və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
Eləcə də oxuyun:
Lavrov NATO ilə danışıqlara hazır olduqlarını bildirib
Rusiya XİN: ölkəmizin daxili işlərinə müdaxilə qəti şəkildə yolverilməzdir