Bakıda paytaxtımızın işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə təntənəli yürüş keçirilib.
Yürüşə iki istiqamətdən - Şəhidlər xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından start verilib.
Yürüşdən əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
Abidələr qarşısına əklil və gül dəstələri qoyularaq şəhidlərin xatirəsi ehtiramla yad edilib. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Sonra hərbi qulluqçular təyin olunan marşrutlar üzrə yürüşə başlayıblar.
Qeyd edək ki, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində də hərbi qulluqçuların yürüşləri təşkil edilib.
Yürüşdən maraqlı fotokadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin.