BAKI, 15 sentyabr — Sputnik. Bir neçə gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədrliyi vəzifəsini icra edən Ramin Bayramlı istefa verdi. O, vəzifəsini təyin olunduqdan 21 ay sonra tərk etdi.
Öncə nə baş verdi və gözləntilər nə idi, buna nəzər salaq:
Ölkə başçısı İlham Əliyevin 2018-ci il 20 dekabr tarixli fərmanı ilə TƏBİB-in yaradılması tapşırığı verildi və 2019-cu ilin 2 dekabr tarixində Ramin Bayramlı TƏBİB-ə sədr təyin olundu. Bununla da səhiyyə sistemindəki problemlərin qısa zamanda həllini tapacağı ilə bağlı cəmiyyətdə böyük bir ümid yarandı. Lakin bir müddətdən sonra COVID-19 pandemiyasının başlanması bu qurumun adı ilə bağlı müxtəlif şikayət tipli məlumatların ortaya çıxmasına səbəb oldu. Bir sözlə, TƏBİB-lə bağlı gözləntilər özünü doğrultmadı.
Ekspertlər də bu müddətdə TƏBİB-ə olan ümidlərin özünü doğrultmadığını deyir. Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, eyni hədəfə yönələn iki icra qrumu hər zaman bir-biri ilə konflikt yaradır. Səhiyyə Nazirliyi ilə TƏBİB-in funksiyası arasında xeyli üst-üstə düşən nüanslar vardı ki, bu da qurumlar arasında konfliktlərə səbəb olurdu:
"Bu səbəbdən onların arasında bir-birindən asılı olmayan bir rəqabət mühiti mövcud idi. Bir sözlə, TƏBİB-in yaradılması ilə bağlı ümidlər və fəaliyyəti özünü doğrultmadı".
A.Qeybulla deyir ki, hələlik hadisələrə çox geniş şərh vermək istəmir. O bildirir ki, yəqin ki, dövlət qurumları bəzi məsələləri araşdıracaq. Həkim bildirir ki, ictimaiyyətə bununla bağlı məlumat verdikdən sonra, yəqin ki, müəyyən məsələlərə aydınlıq gətirmək olar. O, nöqsanlara səbəb olan amillərdən də söz açır və bildirir ki, hansısa icra qurumunun yaradılması ilə ona yalnız hansısa səlahiyyətlər verilməməlidir. O deyir ki, həmin qurumun üzərinə eyni zamanda məsuliyyət və vəzifə öhdəlikləri qoymaq lazımdır ki, onlar işlərinə görə cavabdeh olsunlar: "Baxın, pandemiya dövründə də görürük ki, ambulator yardım bir quruma, stasionar yardım isə digər bir quruma tapşırılıb".
Onun fikrincə, TƏBİB-in funksiyalarını icbari tibbi sığorta ilə məhdudlaşdırmaq olar.
Ekspert bildirir ki, istənilən sahə, o cümlədən də səhiyyədə rüşvətxorluq və digər faktorları aradan qaldırmaq üçün yeni qurum yaratmağa ehtiyac yoxdur:
"Sistem, rüşvətə şərait yaradan mühit aradan qalxmalı və bunlar araşdırılmalıdır. Maaşlar adekvat olmalıdır. Rüşvətə səbəb olan amillər həm də indiki bazar iqtisadiyyatı şəraitində insanların gəlirlərinin yetərincə olmaması ilə bağlıdır. Hansısa qurumu yaratmaqla rüşvəti aradan qaldırmağı düşünmək absurddur. Hətta xaricdən də mütəxəssis çağırsanız, onlar da özlərindən asılı olmayaraq bu işə cəlb oluna bilərlər. İcbari tibbi sığorta üçün vəsait ayrılıb. Bu vəsaitin xərclənməsi üçün şəffaflıq və üzərində ictimai nəzarət olmalıdır. Həmin qurumlar tez-tez vəsaitin haraya xərclənməsi ilə bağlı açıqlama verməlidirlər".
Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, problemlər səhiyyə strategiyasının düzgün müəyyən olunmamasından qaynaqlanır. O bildirir ki, nəinki TƏBİB, heç Səhiyyə Nazirliyi də bu problemi aradan qaldıra bilməz: "Bunun üçün ölkədə tibb təhsilinin səviyyəsi qalxmalıdır. Yüksək balla universitetə daxil olan şəxslər başqa ölkədə rezidentura təhsili almadan mütəxəssis kimi yetişə bilməlidirlər. Amma bizim bu imkanlarımız yoxdur. Ümumiyyətlə, universitet modellərinin, Türkiyə və digər ölkələrdən fərqli olaraq ayrı-ayrı universitetlərdə tibb fakültələrinin inkişaf etməməsi səhiyyə sistemi üçün problemli məsələlərdən biridir. Burada idarəetmədən söhbət getmir. Gərək kadr ola ki, onu idarə edəsən".
F.Mustafa əlavə olaraq qeyd edir ki, bu səbəbdən də mövcud və yaradılan qurumlar effektiv fəaliyyət göstərməyə qadir deyillər. O digər nöqsanlardan da söz açıb:
"Bundan başqa, xəstəxanaların bir biznes strukturu kimi fəaliyətinin doğru tənzimlənməməsi məsələsi də var. Kimin imkanı varsa, klinika açır. Nəticə nə olur? Keyfiyyət artırmı? - Xeyr. Bu səbəbdən də vətəndaşlarımız pul tapan kimi ya İrana, ya da Avropa ölkələrinə üz tutur və valyutanı da orada xərcləyirlər".
Onun sözlərinə görə, özəlləşmə ilə bağlı məsələ də həll olunmalı və tibb müəssisələrinin əksəriyyəti özəlləşməlidir: "Çünki Səhiyyə Nazirliyi, yaxud da TƏBİB bu müəssisələri saxlaya bilmir. Bu səbəbdən də belə formada müalicə və xəstəxana modeli də effektiv olmur. Düşünürəm ki, səhiyyə və burada islahat məsələsi ciddi müzakirə olunmalıdır. Təəssüflər olsun ki, sağlamlıqla bağlı pul qazanmaqdan başqa bir şey düşünmürük. Ona görə də heç bir irəliləyiş yoxdur və TƏBİB də avtomatik olaraq uğursuz qurum kimi gündəmdə qalır. Hətta ən qabiliyyətli adamı belə TƏBİB rəhbəri olaraq təyin etsələr, həmin şəxs iki illik idarəetmə ilə heç vaxt səhiyyə sistemini normal qaydaya gətirib çıxara bilməz".
O bildirir ki, vəzifə, struktur adama görə deyil, zərurətə görə formalaşmalıdır: "Bizdə belə bir baxış olmadığı üçün Səhiyyə Nazirliyi və TƏBİB bu problemlərin içində çabalayır".
Fazil Mustafanın fikrincə, nəinki TƏBİB və Səhiyyə Nazirliyi, eyni funksiyanı həyata keçirən yüzlərlə qurum mövcuddur: "Bu qurumların hamısı da dövlət büdcəsindən pul alır. Büdcənin dağıdılmasına səbəb olan əsas problemlərdən biri də budur".
Eləcə də oxuyun:
TƏBİB-də yarpaq tökümü
Hesablama Palatası TƏBİB-də yoxlamalar aparıb