CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Razin dağı və mağara - Burada Bakıya aid bir tarix gizlənir

90-cı illərdən bəri dağ və mağaranın ətrafı tikilməyə başladı. Hazırda bu ərazi hava limanına aparan magistraldan görünmür. Sanki dağ və mağara bu illər ərzində tərk edilmiş, unudulmuş bir yerə çevrilib.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Bu gün Azərbaycanda qeyri-rəsmi səviyyədə "Bakı günü" kimi qeyd edilir. Çünki 15 sentyabr Bakının qurtuluşu günüdür. 1918-ci ildə Azərbaycanda ilk Xalq Cümhuriyyəti yarananda hökumət müvəqqəti olaraq Gəncədə məskunlaşmışdı. Onda Bakı şəhəri Sentrokaspi diktaturasının işğalı altında idi. Qafqaz İslam Ordusu Nuri Paşanın komandanlığı altında Bakıya daxil olaraq buranı işğalçılardan azad edib. 15 sentyabrda isə AXC hökuməti Bakıya köçüb.
1991-ci ildə Azərbaycan müstəqillik əldə edəndən sonra hər il sentyabrın 15-i əhali arasında xüsusi qeyd olunur. Hələ 2017-ci ildə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov təklif etmişdi kii, 15 sentyabr rəsmən "Bakının qurtuluşu günü" kimi qeyd edilsin.
"Dərindən düşünəndə, əslində, həmin gün Bakıda müsəlman əhalinin təkcə xilası yox, həm də yaşamaq haqqı təsdiq olunan gündür. Dünyanın bir çox ölkələrində "Şəhər günü" var. Yaxşı olardı ki, 15 sentyabr rəsmən "Bakı günü" elan edilsin. Tarixçilər, dəstək olun!", - deyə alim bildirmişdi. Onun bu təklifi ölkədə müsbət qarşılansa da, hələ də 15 sentyabrın "Bakı günü" kimi qeyd olunması rəsmiləşməyib.
Bakı təkcə əlamətdar günlərlə və paytaxt olması ilə dəyərli deyil. O, həm də Azərbaycan xalqının qədim tarixini özündə yaşadan canlı abidədir. Biz bu yazıda Bakının tarixi əhəmiyyətini bir daha vurğulayan əfsanəvi Kühül dağı (Razin dağı) və o dağdakı mağaradan danışacağıq.
"O yaşlı və əbədi gəncdir!" - Müslüm Maqomayevin məşhur mahnısındakı bu sözlər Azərbaycanın paytaxtı Bakının ən yaxşı təsviridir. Bakı zəngin tarixi, mədəni irsi, müxtəlif zamanların böyük hadisələrini yaşamış və eyni zamanda sürətlə böyüyən və inkişaf edən müasir bir meqapolisdir. Şəhər qədim zamanlardan bəri bəşəriyyətin beşiyinə çevrilib və tarixin bütün dövrlərində müxtəlif tarixi şəxsiyyətlərin maraq dairəsində olub.
İbtidai insanların dayanacaqları, Zərdüştlükdən İslama qədər fərqli dinlərin bənzərsiz abidələri, Qədim Roma legionerlərinin izləri, füsunkar təbiət mənzərələri, ləziz mətbəx, rəngarəng xalçalar palitrası, qədim və müasir memarlıq ansambllarının simbiozu, inkişaf etmiş və müasir turizm infrastrukturu – bunlar Bakıda turizmin inkişafı üçün böyük potensial daşıyan zənginlik və irsin kiçik bir hissəsidir.
Razin dağı
Bakı öz dövrünün böyük insanlarının və eyni zamanda, müxtəlif illərdəki tarixi hadisələrin müsbət və mənfi qəhrəmanlarının yaddaşını qoruyur. Bəziləri fəzilət, digərləri isə günah və pislik gətiriblər. Tarixdə üsyançı kimi qalmış Stepan Razinin Xəzərin qərb sahillərinə etdiyi məşhur yürüşləri Bakı şəhərindən də yan keçməyib. 1667-ci ildə Razin öz quldur dəstəsini Bakı ətrafına gətirib. Burada onlar bir dağdakı mağarada düşərgə quraraq ordan ətraf kəndlərə qəfil basqınlar ediblər. Bu basqınlar yerli əhaliyə o qədər problemlər gətirib ki, onlar Sabunçu dağını Razin dağı adlandırmağa başlayıblar. Buradakı mağara da onun adını daşımağa başlayıb.
Hazırda bu ərazi paytaxtın mərkəzindən 10 km aralıda olan Bakıxanov adına qəsəbədə yerləşir. "Azneft"in Razinin adını daşıyan ilk fəhlə qəsəbəsi isə 1923-cü il mayın 1-də Bakının bu hissəsində inşa edilib və 1992-ci ilə qədər Razinin adını daşıyıb.
Son illərdə rusiyalı turistlər və MDB ölkələrindən gələn qonaqlar üçün bura çoxlu ekskursiyalar təşkil edilir. Turistlərə məşhur kazakın gizli keçidləri və gizlədilmiş xəzinələri haqqında hekayələr izah edilir.
Mağaranın girişinin eni 5 metr, hündürlüyü 13,6 metrdir və iki otaqdan ibarətdir. Birinci otağın uzunluğu 38,4, eni 5 metrdir, ikinci otağın uzunluğu isə 7,9, eni – 4,3 – 7 metrdir. Mağaranın ümumi sahəsi 255,7 kvadratmetrdir. Yazılı mənbələrə görə, mağaranın 2 km uzunluğundakı qolu ilə dənizə çıxışı var.
İllər keçdikcə, mağara haqqında fərqli əfsanələr də danışılır. Onlardan birində, orta əsrlərdə mağaranın qarşısına dəvət olunmamış qonaqlardan və vəhşi heyvanlardan qorunmaq üçün daş divar çəkildiyi deyilir ki, bu da insanların həmin yerdən yaşamaq üçün istifadə etdiklərini göstərir. Hətta deyilir ki, mağaranın iki yeraltı çıxışı olub, bunlardan biri artıq qeyd olunduğu kimi, Xəzər dənizinə, digəri isə Qara dənizə qədər uzanıb.
Məlumatlara görə, Razin oğurladığı sərvətləri bunlardan birində gizlədirmiş. Bu yer Azərbaycanın fəhlə hərəkatı tarixindəki başqa bir hadisə ilə də əlaqələndirilir. 1900-cü ildə ilk 1 May Günü (Mayovka) sosial-demokrat dairələrin iştirakı ilə burada qanunsuz olaraq keçirilib. Sovet dövründə bu mərasim "mayovka" adlandırılır və camaat piknik məqsədi ilə birlikdə təbiətin qoynuna çıxırdı.
Bir vaxtlar burada zeytun bağlarının, sonralar isə mənzərəyə açılan meydança və kanat yolunun salınmasından danışılırdı. Lakin bu planlar həyata keçmədi. 90-cı illərdən bəri dağ və mağaranın ətrafı tikilməyə başladı. Hazırda artıq bu ərazi hava limanına aparan magistraldan görünmür. Sanki dağ və mağara bu illər ərzində tərk edilmiş, unudulmuş bir yerə çevrilib. İndi bura zibil yığınları, plastik "butulka"larla doludur. Mağaranın əsas girişi müxtəlif qarışıq tullantılarla bağlanıb. Dırmanma avadanlığı köhnəlib, heç bir standartlara cavab vermir və onların istifadəsi təhlükəlidir.
Hələ 2020-ci ilin əvvəllərində Azərbaycan EkoTurizm Assosiasiyasının fəalları Bakıda eko parkların yaradılması təşəbbüsü ilə çıxış etmiş, şəhərin və onun ətraf ərazilərinin tədqiqinə başlamışdı. Bir neçə tərk edilmiş, lakin maraqlı olan ərazilərin monitorinqi aparılıb. Aparılan təhlillər nəticəsində qərara alınıb ki, müvafiq qurumların diqqətini bu əraziyə cəlb etmək məqsədilə həmin yerin tullantılardan təmizlənməsi və sahmana salınması üçün aksiya keçirilsin. Bu təşəbbüsün reallaşdırılması istiqamətində müxtəlif fürsətləri müəyyənləşdirmək və fəaliyyət planını hazırlamaq məqsədilə peşəkar alpinistlər, ekoloqlar, turizm mütəxəssisləri və dövlət rəsmiləri ilə görüşlər keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə Azərbaycan EkoTurizm Assosiasiyasının fəalları arasında görüşlər keçirilib, Razin mağarası və dağı ətrafındakı ərazilərdə birgə baxış aparılıb. Qərara alınıb ki, ilk növbədə ərazi yığılmış zibillərdən təmizlənməli, mağaranın girişi tullantılardan azad olunmalıdır. Sonra isə ərazini və mağaranın özünü deratizasiya və dezinfeksiya etmək, abadlıq işləri aparmaq, ağaclar əkmək, köhnəlmiş dırmanma avadanlığını dəyişdirmək, dağın səthini yazılardan təmizləmək, məlumat lövhələri və göstəricilər quraşdırmaq, ərazini nişanlamaq və bura gələn turistlər və dağa dırmanma və alpinizmlə məşğul olmaq arzusunda olan gənclər üçün müvafiq şərait yaratmaq mümkün olacaq.
Eyni zamanda da arxeoloqlar, speleoloqlar, tarixçilər və digər marağlananlar tərəfindən əfsanəvi mağaranın tədqiq edilməsi üçün imkanlar yaratmaq, aktiv və sağlam həyat tərzini təbliğ etmək, təhlükəsiz alpinizm, spleoturizm, sərt ərazidə qaçış, piyada yürüşlər, "hiking" və trekinq kimi fəaliyyətlərin vərdişlərinə yiyələnmək üçün imkanlar yaratmaq bu ərazinin sahmana salınmasından sonrakı potensialı kimi hesab edilə bilər. Azərbaycan Ekoturizm Assosiasiyası mütəxəssislərinin fikrincə, Razin dağı və mağara təbii və tarixi bir obyekt kimi sonradan Bakı ətrafındakı turizm marşrutlarına daxil edilə bilər.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirir ki, "Razin Dağı"nın dirçəlməsi ilə bağlı görüləcək işlər müxtəlif mərhələlidir: "Çalışırıq ki bu ərazi də Bakı turizm klasterinə daxil olsun. Bu sonuncu mərhələdə görəcəyimiz işlərdən biri olacaq. Lakin buna qədər həmin ərazilər səhmana salınmalıdır".
Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi
O bildirir ki, ekologiyaya ziyan vuran təşkilatları koorporativ sosial məsuliyyət siyasəti çərçivəsində bu cür layihələrə dəstək vermək imkanı var: "Bir müddət öncə təşkil olunan təmizlik aksiyası ilə biz bu təşkilatların, dövlət qurumlarının diqqətini cəlb etdik. Dövlət Turizm Agentliyi tərəfindən bizə bu layihə üçün könüllü turistlər də göndərildi. Eyni zamanda da özümüz də orada təmizlik işləri apardıq. Belə addım atmaqda da məqsəd, ictimaiyyətin diqqətini çəkməkdir ki, həmin ərazi təmiz saxlanılsın".
S.Dübəndi bildirir ki, həmin ərazidə köhnəlmiş dağa dırmanma avadanlıqları var. O avadanlıqlar artıq paslanıblar və zamanın tələblərinə cavab vermirlər: "Bu avadanlıqların dəyişdirilməsini nəzərədə tuturuq. Bu işi beynəlxalq səviyyədə tanınmış və sertifikatlaşmış mütəxəsisslərin vasitəsi ilə həyata keçirəcəyik. Dağa dırmanma üçün mövcud olan marşrutların təkmilləşməsini nəzərdə tuturuq. Yeni marşrutların çəkilməsi isə bir qədər uzun sürəcək, proses olacaq".
S.Dübəndi təmizlik işlərindən də söz açıb. O bildirib ki, "Razin Dağı" adlanan ərazidə təmizlik işləri könüllülərin vasitəsilə həyata keçirilib: "Ola bilər ki həmin ərazidə təkrarən təmizlik işləri aparılsın. Bunun üçün biz həmin əraziyə baxış keçirəcəyik. Həmin ərazilərə mütəmadi baxış keçirilməli, kameralar quraşdırılmalıdır ki, narkomanlar və nalayiq hərəkət edən şəxslər ora gəlməsinlər. Hələlik ki, buna nail ola bilməmişik".
Razin Dağı adlanan ərazidə təmizlik işləri könüllülərin vasitəsilə həyata keçirildi
Ərazinin bəzi hissələri isə müəyyən səbəblərdən təmizlənməyib: "Qeyd edim ki, ərazi otluq idi. Saralmış otların arasında qalan müxtəlif tullantılar var idi, ora girmək təhlükəli olduğundan həmin ərazinin təmizlənməsi mümkünsüz oldu. Həmin otluq sahədə ilan, əqrəb kimi zəhərli heyvanlar da ola bilərdi".
Bu səbəbdən də payız-qış aylarında həmin əraziyə yenidən baxış keçiriləcək: "Yəqin ki, payızda yağan yağış otları dağın ətəyindən yuyub aparar, mənzərə açılar. Belə olan halda yerdə qalan tullantıları da görə biləcəyik".
Ekspert bildirir ki, növbəti təmizlik işini irimiqyaslı təşkil etmək istəyirlər: "Çalışacağıq ki, ekologiyaya ziyan vuran mobil operatorları, eyni zamanda da neft, mədən sənayesi üzrə fəaliyyət göstərən şirkətləri də bu işə cəlb edək".
Razin dağı
"Ekoturizm Assossasiyası olaraq başa düşürük ki, ətraf mühiti, dağları, qayaları qorumaq lazımdır. Bu səbəbdən bu işləri beynəlxalq sertifikat alan alpinistlərlə birgə həyata keçiririk ki, ətraf mühitə heç bir ziyan dəyməsin", - deyə o əlavə edib.