Ermənilər Ağdamda çox vəhşiliklər törədib, tarixi yaddaşımızı silməyə cəhd ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
E.Hüseynov bildirib ki, "ermənilər Ağdamı xarabalığa çevirib" dedikdə burada söhbət adi dağıntılardan, binaların dağıdılmasından getmir: “Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər. Ağdam gözəl şəhər olub, Sovet İttifaqı dövründə iqtisadi baxımdan ən güclü potensialı olan sənaye zonası olub. Ağdamda 17 müəssisə mövcud olub. Hətta o müəssisələrdən biri Sovet İttifaqının kosmos sənayesi üçün cihazlar istehsal edib. Ağdam, eyni zamanda, bir muğam mərkəzi olub. Rayon böyük muğam sənətkarları yetişdirib. Biz o irsi, o mirası qoruyub saxlamışıq. Bura gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır, ancaq onlar qürurludurlar ki, torpaqlarımız işğaldan azad edilib”.
Emin Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz