BAKI, 15 sentyabr — Sputnik. "Buker mükafat"çılarının qısa siyahısı məlum olub. Bu il siyahıya Nobel mükafatı laureatı Kazuo İşiquronun adı düşməyib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu barədə münsiflər heyətinin rəhbəri Maya Casanoff xəbər verib.
Qısa siyahıda "Qarışıqlıq" romanına görə 2019-cu ilin "Pulitser mükafatı"nın qalibi Riçard Pauers, "Böyük çevrə" kitabının müəllifi Meqqi Şipsted, "Hamı bu barədə susur" əsərinə görə Patrişa Lokvud, "Şimala gedən yol"un müəllifi Anuk Arudpraqazam, "Vəd" romanına görə Deymon Gelqut və "Macəra axtaranlar" əsərinin müəllifi Nadifa Mohamedin adları yer alıb.
Siyahıya salınan kitablar 2020-ci ilin oktyabrın 1-dən Britaniyada və İrlandiyada çap olunan 158 əsər arasından seçilib.
Qeyd edək ki, "Buker mükafatları"nın qalibi noyabrın əvvəllərində məlum olacaq.
Məlumat üçün bildirək ki, Buker mükafatı (tam adı "Man Booker Prize for Fiction" - Ədəbiyyat üzrə Men Buker mükafatı, 1968-2002-ci illərdə Buker-Makkonnel mükafatı - red) hər il Britaniya Millətlər Cəmiyyəti və İrlandiya Respublikası vətəndaşına verilir.
Buker mükafatı ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildən təqdim olunmağa başlanılıb. Həmin vaxtdan 2002-ci ilə qədər onun mükafat fondu 21 min ingilis funt sterlinqinə bərabər olub. 2002-ci ildə Men Qrup şirkəti mükafatın rəsmi sponsoru olduqdan sonra mükafat fondu 50 min ingilis funt sterlinqinə qaldırılıb.