BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Milli Məclisdən Sputnik Azərbaycan-a verilən məlumata görə, komitə sədri Tahir Mirkişili müzakirəyə əvvəlcə 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 24 iclası keçirilib, 94 məsələ, o cümlədən 90 qanun layihəsi, 2 rəy və Hesablama Palatasının hesabatı müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
Bundan başqa, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai təşkilatlar və sahibkarlarla görüşlər keçirib, real sektorun müxtəlif məsələləri müzakirə edilib. Eyni zamanda, komitənin ünvanına daxil olmuş ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb, vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə qəbul olunub, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb.
İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub. İş planına əsasən, qarşıdakı sessiyada "Lombardlar haqqında", "Turizm haqqında", "Dövlət rüsumu haqqında", o cümlədən komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Komitə sədri qeyd edib ki, "Qiymətləndirmə fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Müflisləşmə və iflas haqqında" qanunlar da yenidən işlənməli olacaq. Bundan başqa, komitə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri ilə görüşlərin, dinləmələrin keçirilməsini planlaşdırıb.
Sonra komitə sədri iclasın gündəliyində olan qanun layihələrini də təqdim edib. Gündəliyin 3-cü və 4-cü məsələsi olan "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin oxşar xarakterdə olması qeyd edilib. Bildirilib ki, qanun layihələrində Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolmanın daha beş il müddətinə uzadılması nəzərdə tutulub.
Gündəliyə çıxarılmış 5-ci məsələ - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) daxildə emal üçün xüsusi gömrük proseduru altında malların yerləşdirilməsinə görə təminatın məcburi olaraq təqdim edilməsinin ləğvini, həmin prosedurun fakültativ hal kimi müəyyən olunmasını nəzərdə tutur.
Gündəliyin 6-cı məsələsi olan Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "İcra haqqında", "Banklar haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "Sığorta fəaliyyəti haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" və "Məşğulluq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə icbari tibbi sığorta ilə bağlı hazırlanıb və sənədə əsasən, müəssisə iflas etdiyi zaman məcburi ödənişlərin siyahısına icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər də əlavə olunub.
İclasda müzakirə olunan sonuncu qanun layihəsi "Valyuta tənzimi haqqında", "Kredit ittifaqları haqqında", "Banklar haqqında", "Poçt haqqında", "Mühasibat uçotu haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Kredit büroları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olub. Bildirilib ki, layihə "Mühasibat uçotu haqqında" qanunda dəyişikliklər edilməsi barədə 2018-ci il 4 may tarixli qanundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.
Deputatlar gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.