TƏHLİL

Gorus-Qafan yolundakı nəzarət-buraxılış məntəqəsi qaçaqmalçılığın qarşısını alacaq

Nazirlər Kabineti dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısını təsdiqləyib. Milli Məclisin deputatı bunun iqtisadiyyata necə təsir göstərəcəyindən danışıb.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Gorus-Qafan avtomobil yolunda nəzarət-buraxılış məntəqəsinin (NBM) qurulması qonşu ölkələrdən gələn qaçaqmalçılıq yüklərinin dövriyyəsinin qarşısını alacaq. Bunu Sputnik Azərbaycan-a Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
"44 günlük müharibədən və Azərbaycanın qələbəsindən sonra 21 kilometrlik Gorus-Qafan avtomobil yolunun keçdiyi ərazi Azərbaycan ərazisidir. Tez-tez qonşu ölkələrdən oraya qaçaqmalçılıq yüklərinin daşınması müşahidə olunurdu. Bu səbəbdən də orada NBM quruldu ki, belə halların qarşısı alınsın", – deyə Nağıyev bildirib.
Vətən sərhəddən başlayır
Deputatın sözlərinə görə, NBM Azərbaycandakı iqtisadi vəziyyətə müsbət təsir göstərəcək, belə ki, ölkə daxilində yüklərin daşınmasını da tənzimləyəcək.
Bundan başqa, NBM-in qurulması ölkənin təhlükəsizliyinə tam nəzarət baxımından da vacibdir.
"Necə deyərlər, Vətən sərhəddən başlayır. Təbii ki, sərhəddə Nəzarət Buraxılış Məntəqəsi qurulmalıdır. Orada sərhədçilər və gömrük işçiləri dayanacaqlar. Bəzi dövlətlərdə sərhədçilərin və gömrük işçilərinin tamam başqa funksiyaları var. Azərbaycanda isə onlar təhlükəsizliklə bağlı təhdidlərin – milli təhlükəsizliyə zərbə, qaçaqmalçılıq, terror aktlarının qarşısını almaq funksiyası daşıyırlar. Odur ki, gömrük və nəzarət buraxılış məntəqələri iki dövlət arasında qurulmalı olan ən əsas obyektlərdir", – deyə Nağıyev qeyd edib.
"Bütün ölkələr bizim suveren hüquqlarımıza və qanunlarımıza hörmət etməlidir, çünki biz müstəqil dövlətik", – deyə deputat vurğulayıb.
Möhtərəm qonaqlar üçün "yaşıl rejim"
Millət vəkilinin sözlərinə görə, NBM, həmçinin beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqların sərhədi daha tez keçməsinə imkan verəcək.
"Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər keçiriləndə gömrük və sərhəd keçid məntəqələrində hökumət səviyyəsində yaşıl rejim yaradılacaq. Yəni ölkəyə gələn hər bir turist və ya idmançı, azarkeş, fanat sərhədi maneəsiz, hətta vizasız keçə biləcək. Başqa sözlə, hər dəfə yanaşma fərqli olacaq", – deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.
Dövlət sərhədində neçə NBM olacaq?
Xatırladaq ki, sentyabrın 10-da Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı"nın və "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Qərar qəbul edib.
Hazırda Azərbaycanda dörd beynəlxalq hava limanı da daxil olmaqla, 18 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası ərazisində bir hava limanı da daxil olmaqla 6 NBM nöqtəsi təsdiqlənib.
Bundan başqa, Azərbaycan Respublikası ərazisindəki dəniz limanlarında on sərhəd keçid məntəqəsi yaradılıb.