İQTİSADİYYAT

Qasırğanın yaratdığı tələbat: ABŞ Rusiyadan neft idxalını artırdı

Amerika mətbuatı yazır ki, "İda" qasırğasından qazanclı çıxan Rusiya neft ixracatçıları olacaqlar.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Amerikanın neft emal edən zavodları "İda" qasırğasının vurduğu ziyandan sonra öz işini dayandırıb. Ölkədə kəskin yanacaq çatışmazlığı yaşanır. ABŞ Energetika Nazirliyi (EIA) istehsalçıları dəstəkləmək məqsədilə enerji ehtiyatları ilə bağlı məlumatları elan etdi, ancaq mövcud ehtiyatlar tükənməz deyil. Meksika sahillərindəki müəssisələrdə xammal kimi xüsusi neft məhsullarından istifadə olunur ki, onları da Rusiyadan başqa heç yerdən almaq mümkün deyil. ABŞ artıq idxalı rekord həcmdə artırıb və daha çox neft almaq niyyətindədir.
İştahları artıb
"Bloomberg" yazır ki, Amerika neft emalçıları motor yanacağına tələbatı ödəmək üçün bütün dünyada yararlı xammal axtarışındadırlar.
EIA-nın məlumatlarına görə, may ayında Rusiyadan xam neft və neft məhsullarının idxalı birdən-birə 23 faiz, gündəlik 844 min barel artıb. Bu göstəricini Meksikadan tədarük olunan neft məhsulları ilə müqayisə etmək olar: bu ölkədən idxalın həcmi cəmi üç faiz artıb.
Hələ ötən il Rusiyadan idxal son doqquz illik maksimuma çatmışdı. Rusiya bazarda balans yaratmaq üçün ixracı qəfildən azaldan Səudiyyə Ərəbistanını sıxışdıraraq ABŞ-a neft və neft məhsulları tədarük edən ölkələr arasında ikinci yerə çıxdı. Məsələ burasındadır ki, Amerika Neft Emalı Zavodları (NEZ) Venesueladan gələn xammaldan məhrum olub. Bu isə Donald Trampın "xidməti"dir. O, hələ 2019-cu ildə "Petroleos de Venezuela S.A."-ya sanksiya tətbiq etmişdi. Meksika körfəzi və Şərq sahillərindəki zavodlar, o cümlədən, "Citgo Petroleum", "Valero Energy", "Chevron" kimi ağır dərəcəli neftin emalı üçün nəzərdə tutulmuş müəssisələr daha ağır vəziyyətdədir.
Bu zavodlar Rusiyadan əsasən benzin istehsalı üçün lazım olan mazut alır.
"Venesuela xammalından məhrum olan və ənənəvi OPEC təchizatçılarının qiymət artımı ilə üzləşən ABŞ Rusiya mazutunun əsas istehlakçısına çevrilib", – deyə Oksford Enerji Araşdırmaları İnstitutunun elmi əməkdaşı Adi İmsiroviç bildirir.
"Rusiya – prioritet tərəfdaşdır, çünki "Mazut 100" kimi çoxlu yarı rafinə olunmuş yağlar istehsal edir. Bu da Venesuaela və yaxın Şərqdən gələn qatı neftə alışmış Amerika NEZ-ləri üçün idealdır. Ancaq ABŞ zavodları sanksiyalar ucbatından Venesueladan gələn xammaldan məhrum olub. Yaxın Şərq ölkələri isə OPEC razılaşması çərçivəsində ixracatı məhdudlaşdırıblar", – deyə "Bloomberg" yazır.
Avqust ayının sonlarında Meksika körfəzi sahillərini vuran "İda" qasırğası vəziyyəti xeyli kəskinləşdirib. Hərçənd, ABŞ Energetika Nazirliyi artıq sentyabr ayında hasilatın bərpa olunacağına (sutkalıq 1,2 milyon barelə kimi) ümid edir. Bununla belə, infrastruktur güclü ziyana məruz qalıb, 20,6 milyon barel neft isə Amerika bazarından yoxa çıxıb.
Anbarları açdılar
Luizianada elektrik enerjisinin bərpası və emal zavodunun yenidən işə salınması ilə daha çox neftə ehtiyac yaranacaq. Bunu artıq "Exxon Mobi"-dən bəyan ediblər. Şirkət Luizianadakı zavodlarını bağlamaq məcburiyyətində qalıb. Energetika Nazirliyi neft təminatını strateji ehtiyatlar hesabına həyata keçirir. İki-üç ay ərzində "Exxon" ehtiyatları artırmalı - ən yüksək keyfiyyətli xammala təmin etməlidir. Ancaq ehtiyatlar tükənməz deyil. Deməli, yenidən idxalı artırmaq lazım gələcək.
Amerika mətbuatının da qeyd etdiyi kimi, "İda" qasırğasından qazanclı çıxan Rusiya ixracatçıları olacaqlar.
"Sentyabr-oktyabr aylarında tədarük artacaq, çünki ABŞ-ın Meksika körfəzindəki yataqdan neft hasilatı hələ də bərpa olunmayıb", - deyə "Bloomberg" vurğulayır.
Agentliyin bazar iştirakçılarına istinadla təsdiqlədiyi kimi bir neçə gün ərzində amerikalılar artıq Rusiya xammalının üçdə-birini satın alıblar.
Tələbin artması qiymətləri qaldıracaq. Sentyabrın 8-də "Urals"-ın kotirovkaları yeddi aylıq maksimuma çataraq "Brent"-i 1,05 dollar geridə qoydu. Halbuki ABŞ-ı "İda" qasırğası vurmazdan əvvəl "Urals" "Brent"-dən 1,95 dollar ucuz satılırdı.
"Şimal axını-2" qaz kəmərinin işə salınması ərəfəsində Vaşinqtonla Moskva arasında gərginlik artır. Bununla belə, bazar öz qaydalarını diktə edir. Amerika neft istehsalçılarının isə Ağ Evin diplomatik və geosiyasi hədəfləri ilə heç bir əlaqəsi yoxdur.
Həmçinin oxuyun:
Azərbaycan nefti 74 dollara yaxınlaşır
Qasırğanın yaratdığı tələbat: ABŞ Rusiyadan neft idxalını artırdı