BAKI, 12 sentyabr — Sputnik. Dəb, moda, tərz, "fashion" deyəndə həmişə nədənsə qadınlar yada düşür. Bu məsələdə adətən gender bərabərliyi pozulur desək, yanılmarıq. Son vaxtlar qadın geyimlərində milli ornamentlərdən geniş istifadə olunur. Bu mənada da kişi geyimlərinin diqqətdən kənarda qaldığını deyə bilərik.
Modelyer Şəlalə Maqsudova Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, zamanla kişilərimiz milli geyimləri adi günlərdə də geyinəcəklər. Bunun dəb halını alması məsələsinə gəldikdə isə modelyer bildirir ki, buna zaman lazımdır:
"Papaqlar, çuxalar, köynəklər müasir formatda təqdim olunacaq. Azərbaycanın milli kişi köynəklərində dik yaxalıq olmayıb. Dik yaxalıq Avropadan gəlib".
Tanınmış modelyer onu da əlavə edib ki, bir müddət öncə kəlağayı demək olar ki, yox idi. Amma hazırda demək olar ki, hər qadının qarderobunda kəlağayı var:
"Məsələn 10 il əvvəl kəlağayı bağlayan qadın yox idi, onu ancaq teatr səhnəsində və Novruz çəkilişlərində görə bilirdik. İndi isə əksər qadınlar aksesuar kimi kəlağayıdan istifadə edirlər. 10 il əvvəl xınayaxdılar indiki qədər təmtəraqlı keçirilməzdi. İndi təmtəraqlı keçirilir, gəlin köçən qızlar milli geyim geyinirlər. Bir dəfə bir yazı oxumuşdum. Qız nənəsigilə gedir, nənəsinin arxivini açır. Oradan nənəsinin kəlağayısını götürür, söz verir ki, o kəlağayıda gəlin köçəcək. Elə də edir, həmin qız nənəsinin gəlinliyində taxdığı kəlağayı ilə gəlin köçür. Ondan sonra kəlağayı dəbə minir. Bu, haradasa 20 il əvvəl olub. İndi çox baha qiymətə satılmasına baxmayaraq hər qadın istəyir ki, onun kəlağayısı olsun, geyimində milli çalarlar olsun. Dəb elədir ki, heç vaxt deyə bilmərik ki, 10 il sonra nə olacaq".
Modelyerin sözlərinə görə o, 5 ildir ki, Turkvision yarışmasında iştirak edən iştirakçıların geyimlərini hazırlayır və hər geyimdə də milli ornamentlerdən istifadə edir.
"Hətta iki iştirakçının geyimləri Türkiyədə münsiflər heyətinin diqqətini cəlb etmişdi. Onların oxuduqları mahnılardan çox geyimlərinə 10 bal vermişdilər. Mən həmişə çalışıram ki, kişilərin geyimlərində milli koloritə uyğun hazırlayım. Amma bir şeyi nəzərə alaq ki, milli geyimlərdə bəzəklərdən, pulcuqlardan istifadə edirik, ona görə bu geyimlər adi günlərdə istifadə oluna bilməz. Həmin geyimlər mütləq festivallar, bayramlar və səhnə üçün tikilir".
"FR collection"un təsisçisi Fuad Cəbrayılov isə bildirir ki, yaxın zamanlarda milli geyimləri daha praktik edəcəklər. Bununla da milli geyimləri adi günlərdə də geyinmək mümkün olacaq:
"Bizim kolleksiyamızda milli kişi və qadın geyimləri var. Gələcəkdə mili kişi və qadın geyimlərinin müasir versiyalarını hazırlamaı planlaşdırırıq. İstəyirik ki, milli geyimlər müsir dövrdə də istifadə olunsun. Müəyyən dərəcədə dəyişikliklər olmalıdır ki, onlar daha praktik olsun. Çünki, bizim qədim milli geyimlərdən gündəlik istifadə etmək praktik cəhətdən çətindir. Çünki onlarla hərəkət etmək mümkün deyil. Müasir dönəmdə, dinamik həyatımızda o geyimlərlə hərəkət etmək qeyri-mümkündür. Amma biz onlara müasirlik qataraq daha insanların rahat hərəkət etməsinə nail oacaq. Biz hətta çuxaları da müasirləşdirmək istəyirik".
Həmçinin oxuyun: