CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lerikin ucqar kəndində çəkilən uşaq filmi beynəlxalq festivalda iştirak edəcək

Bir çox festivallarda iştirak edən ekran işi ötən ilin oktyabr ayında Moskvada təşkil olunan VIII Beynəlxalq Etnoqrafik Kino Festivalında mükafat qazanıb.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Sentyabrın 19-dan 24-dək Rusiyanın Samara şəhərində XXVI Beynəlxalq "Uşaqlar üçün kino" festivalı keçiriləcək. Norveç, İsveç, İtaliya, Koreya Respublikası, Belarus və s. ölkələrdən kinematoqrafçılarının iştirak etdiyi festivalda Azərbaycan da təmsil olunacaq.
Bu festivalda ölkəmizi rejissor Tahir Tahiroviçin "Qırmızı" filmi təmsil edəcək. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissorun sözlərinə görə, film 2020-ci ildə Lerik rayonunun ucqar bir kəndində lentə alınıb: "Film uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Səbinə adlı qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir. Ancaq qırmızı ayaqqabı geyinmək ona qismət olmur. Şəhər həyatına, asfalt yollara öyrəşən tamaşaçının gözü fərqli bir mənzərə görəcək. Həmin filmdə rol alan qız da o kəndin sakinidir".
Qeyd edək ki, bir çox festivallarda iştirak edən ekran işi ötən ilin oktyabr ayında Moskvada təşkil olunan VIII Beynəlxalq Etnoqrafik Kino Festivalında mükafat qazanıb.
Qısametrajlı bədii filmin ssenari müəllifi Sevda Sultanova, operatoru Əminə Həsənlidir.
Həmçinin oxuyun:
Minimal bal toplaya bilməyən tələbə, sənətin dəyərini necə anlayacaq? - Rejissordan etiraz