SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Həftənin siyasi ab-havası: Hərbi təlimlər və İrandan Qarabağa daşınan naməlum yüklər

Həftəyə damğasını vuran hadisə İranın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə naməlum yükləri daşıması və Azərbaycan tərəfinin bunu müşahidə etməsi olub.
Sputnik
Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimləri
Sentyabrın 6-sı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.
Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.
TurAz Şahini - 2021
Sentyabrın 7-si Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uçuşları keçirib. Hərbi təyyarəçilər birgə əməliyyat çərçivəsində şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv ediblər.
Azərbaycanın hərbi qulluqçusu iki erməni ilə dəyişdirilib
Sentyabrın 7-si Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev Azərbaycanda saxlanan iki erməni əsgərlə dəyişdirilib.
Dəyişdirilmə prosesi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov iştirakı ilə baş tutub.
Paşinyan Qafqazda kommunikasiyaların açılmasını istəyir
Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 8-i hökumətin iclasında bildirib ki, Ermənistan regionda kommunikasiyaların açılması məsələsində qətiyyətlidir.
Paşinyan xatırladıb ki, avqustun 24-ü parlamentdə 5 illik proqramı təqdim edərkən qeyd edib ki, qonşu ölkələrlə münasibətlərin nizamlanması və dərinləşdirilməsi Ermənistan hökumətinin əsas iş istiqamətlərindən biridir. Onun sözlərinə görə, Ermənistan üçün Rusiya və İranla dəmiryolu əlaqəsinin qurulması olduqca önəmlidir. Bu məsələnin həlli üçün üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) müzakirələr aparılır.
"Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq", - deyə Ermənistanın Baş naziri bildirib.
Paşinyan qeyd edib ki, Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi də olduqca önəmlidir: "Bunun üçün lazımi şəraitin yaradılması üçün çalışmağa davam edirik".
Şarl Mişel Putinlə Azərbaycan-Ermənistan nizamlanmasını müzakirə etdi
Sentyabrın 8-i Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Şarl Mişelin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
Məlumatda bildirilir ki, tərəflər Əfqanıstandakı son durumu və baş verənlərin ümumilikdə regionuna təsirini müzakirə edib. "Avropa İttifaqı və Rusiya regional sabitlikdə maraqlıdır", - deyə Ş.Mişel bildirib.
Mişel qeyd edib ki, o, Putinlə Azərbaycan-Ermənistan nizamlanmasının perspektivləri barədə fikir mübadiləsi aparıb. "İnam və dialoqun möhkəmləndirilməsinə ehtiyac var", - deyə prezident vurğulayıb.
Aİ həmçinin prezidenti qurumun Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü də dəstəklədiyini vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Dağlıq Qarabağ üzrə razılaşmaların reallaşdırılması üzrə addımları barədə məlumatlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin məlumat yayıb.
"Dağlıq Qarabağ ətrafında vəziyyət nəzərdən keçirilib. Şarl Mişelin xahişi ilə Rusiya prezidenti 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixində imzalanan üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi üçün atılan addımlar haqqında məlumat verdi", - deyə məlumatda bildirilir.
Sentyabrın 10-u "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin planına əsasən Azərbaycanın və qardaş Türkiyə Respublikasının döyüş təyyarələri əməliyyat uçuşları yerinə yetiriblər. Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətin və fərqli xüsusiyyətlərə malik döyüş təyyarələri arasında rabitə əlaqəsinin uzlaşdırılması imkanları öyrənilir.
Eyni zamanda, havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərinin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur.
Zelenski: Rusiya ilə genişmiqyaslı müharibə ehtimali var
Sentyabrın 10-u Ukrayna Prezidenti Kiyevdə keçirilən "YES Brainstorming" forumunda moderatorun sualını cavablandırarkən bildirib ki, onun ölkəsi üçün Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı var: "Hesab edirəm ki, ola bilər. Bu mövzuda potensial var. <...>Bu, Rusiyanın ən böyük səhvi olacaq. Bundan sonra heç vaxt Rusiya, Ukrayna, Belarus arasında qonşuluq mövcud olmayacaq".
ABŞ-ın Dağlıq Qarabağa status niyyəti və XİN-dən rədd cavabı
ABŞ-n Ermənistandakı səfiri Linn Treysi erməni əsirlər mövzusuna toxunaraq, Amerika tərəfinin insan haqlarına riayət etmək üçün səy göstərməyə hazır olduğunu bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, səfir Yerevanda jurnalistlərə deyib ki, "Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun himayəsi altında keçirilən danışıqların gündəmində qalır".
Səfir onu da bəyan edib ki, ABŞ məsələni həll etməyin yeganə yolu olduğuna əmin olaraq tərəfləri danışıqlar masasına qaytarmaq üçün əlindən gələni edir.
Diplomat xatırladıb ki, dövlət katibi Entoni Blinken Amerika tərəfinin mövqeyini dəfələrlə bəyan edib.
"Əlbəttə ki, otuz illik münaqişə və gərginlik bir gecədə həll edilə bilməz. Ancaq bizim üçün vacib olan fundamental məsələlər var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğuna inanmırıq. Bu məsələ hələ də həll olunmayacaq" - səfir deyib.
Danışıqlar üçün ilkin şərtlərin mövcudluğu ilə bağlı sualı cavablandıran səfir "bu haqda danışa bilməyəcəyini" ifadə edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-ın Ermənistandakı səfirinin bu fikirlərinə münasibət bildirib.
"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz", - XİN mətbuat katibi Leyla Abdullayeva deyib.
XİN rəsmisi qeyd edib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır:
"Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir".
İrandan naməlum yüklər Xankəndinə daşınır
Həftəyə damğasını vuran hadisə isə İranın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə naməlum yükləri daşıması olub.
Aparılan monitorinqlər nəticəsində bəlli olub ki, avqustun 11-dən sentyabrın 10-dək İran qaçaqmalçılıq yolu ilə Xankəndiyə 58 yük avtomobili göndərib. Maşınların əksəriyyəti yanacaq-sürtgü materialı daşıyıb. Maşınların 55-i geri qayıdıb.
İranlıların və ermənilərin Qarabağa gedərkən müxtəlif hiylələrə əl atdığı da məlum olub. Müəyyənləşdirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına yaxınlaşanda avtomobillərin nömrə nişanı erməni nömrə nişanı ilə dəyişdirilir. Məqsəd Xankəndiyə gedən İran maşınlarının sayını gizlətməkdir.