RUSİYA

Taliban*dan qorunmalı: Rusiya Tacikistana hərbi texnika göndərdi

Tacikistanın cənub sərhədi yaxınlığında qeyri-sabitliyin artması fonunda ölkənin təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə əməkdaşlıq edilir.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Rusiya Tacikistana 12 zirehli maşın və bir çox hərbi texnika göndərib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tacikistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Tacikistanın cənub sərhədi yaxınlığında qeyri-sabitliyin artması fonunda ölkənin təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə əməkdaşlıq edilir.
Qeyd olunub ki, BRDM-2M zirehli texnikaları, yaxın döyüş sistemləri və qoruyucu vasitələr daxil olmaqla hərbi texnikaların ötürülməsi Tacikistanın hərbi imkanlarını modernləşdirəcək və əhəmiyyətli dərəcədə artıracaq.
ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması ilə paralel Taliban* hərəkatının ölkəni ələ keçirməsi qonşu dövlətləri narahat etməyə başlayıb.
Taliban* başqa dövlətlərin işlərinə qarışmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Lakin onun sürətlə irəliləməsi narahatlıqla izlənilir.
Rusiya Türkmənistan və Tacikistan sərhədinin bir qisminin Taliban qüvvələri tərəfindən ələ keçirilməsindən sonra, bu ölkələrə hərbi yardım edəcəyini açıqlamışdı.
*Rusiya və bir sıra digər dövlətlərdə qadağan edilmiş təşkilat