BAKI, 10 sentyabr — Sputnik. Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti kritikdir. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən müğənninin xanımı Aynur Zurufçunun sözlərinə görə, o "Yeni Klinika"nın reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir:
"Ötən gün süni tənəffüs aparatına qoşulub, vəziyyətində heç bir dəyişiklik yoxdur, intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır. Hələ 2 gün qalmalıdır".
Qeyd edək ki, 65 yaşlı Y. Zurufçu bir həftə əvvəl koronavirusa yoluxub və "Yeni Klinika"ya yerləşdirilib.
Məlumat üçün bildirək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və "Cücələrim" mahnısı ilə həm Azərbaycan və həm İranda dillər əzbəri olmuşdu. 11 yaşında isə xalq mahnıları və bəstəkar mahnılarıyla tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa etmişdir. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirir.
1979-cu ildə İranda xalq inqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edib. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başladı və vokal sənəti üzrə diplom alan müğənni daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.
Bu illərdə də ürəyində Azərbaycan musiqi sevdası yaşayan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayır və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalırdı. Nəhayət 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri olan Gülağa Məmmədov Almaniyaya gəldi və Yaqub Zurufçunun ayrılıq mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəldi. Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirdi və televiziyada yayınlandı. Ayrılıq mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək Azadlıq hərəkatı zamanında da çox sevildi və 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gəldi.
O, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb.