CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb

Mahir Ələkbərov Ramiz Göyüşovun pornoqrafik videogörüntülərinin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, "azadinfo.az" MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.
Belə ki, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə "azadinfo.az" xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları videoçarx formasında "azadinfo.az" xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.
Qeyd edilənlərlə bağlı 09 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.
10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edərək, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə etik normalara riayət edilməsini və bu kimi sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğunu bildirir.
Habelə, bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi"nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat verilməsini tövsiyə edir.